Xaricdə növbəti Azərbaycan evlərinin açılması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə yeddi ölkədən müraciət daxil olub. Həmin ölkələrdə Azərbaycan evlərinin açılması üçün həm icmanın, həm də komitənin daxili imkanlarına nəzər yetirilir. Qeyd edə bilərəm ki, artıq 3 ölkədə Azərbaycan evlərinin açılması ilə bağlı hazırlıq işləri yekunlaşıb.
QİA.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.
Komitə sədri cari ilin sonuna qədər açılması planlaşdırılan üç Azərbaycan Evinə dəstək verəcəklərini bildirib.
“Yaxın zamanlarda Çexiyada Azərbaycan Evinin açılması ilə bağlı hazırlıq işi davam edir. İraqda da Azərbaycan Evinin açılması ilə bağlı da müzakirələr gedir.
Qeyd edim ki, Komitə əsasən diaspor nümayəndələrinin çox olmadığı ölkələrdə Azərbaycan Evlərinin açılmasına üstünlük verir. Məqsədimiz odur ki, Azərbaycan evləri bütün icma üçün açıq olsun”, – deyə F. Muradov qeyd edib.
F. Muradov hazırda xaricdə fəaliyyət göstərən 29 Azərbaycan evinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək vurğulayıb: “Komitədə Azərbaycan evləri ilə məşğul olan xüsusi şöbə var. Bəzi ölkələrdəki Azərbaycan evlərinin fəaliyyətində dönüş yaranmasını istərdik. Onlar fərqli istiqamətdə fəaliyyət göstərməlidirlər. Bəzi Azərbaycan evlərinin fəaliyyətinə isə gözləntilərimizdən artıq maraq göstərildi. Müharibə və pandemiya dövründə Komitə olaraq bəzi Azərbaycan evlərinə müəyyən güzəştlər etdik. Ancaq bu ildən başlayaraq Azərbaycan evlərinə xəbərdarlıq etmişik. Bildirmişik ki, onların hansının fəaliyyəti qənaətbəxş olmazsa, təbii ki həmin evlərin saxlanılması məsələsini yenidən nəzərdən keçirməliyik.
Bu evlərin bir funksiyası da ondan ibarətdir ki, yerli ictimaiyyətin tanınmış nümayəndələri oranı ziyarət etsinlər. Əksər evlərdə bu proses yaxşı səviyyədə gedir, lakin bəzilərində bu prosesin daha da təkmilləşməsinə ehtiyac var”.
Qeyd edək ki, hazırda 15 ölkədə 29 Azərbaycan Evi fəaliyyət göstərir. Həmçinin evlərin olmadığı ölkələrdə azərbaycanlılar və xaricilər üçün həftəsonu məktəbləri təşkil olunub.