Füzuli rayonu

Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1993-cü ildən ərazinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd vardır. Qəsəbələrdən 12-si ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabr-da Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, 21 oktyabr-da Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 28 oktyabr-da Mandılı, 07 noyabr-da Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 09 noyabr-da Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalından azad edilmişdir.

Tarixi

Füzuli rayonunun xəritəsi

Bölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10 yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.

1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal — Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII–XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.

1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli səhəri Yağlıvənd,Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.17 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.

51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı Horadiz əməliyyatı nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hal-hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıtmışdır. 1995–1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb.

Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində — 9 milyon metr² ərazidə partlamamış hərbi sursat var.

Füzuli rayon mədəniyyət və turizm şöbəsi rayon ərazisinin erməni işğalından sonra fəaliyyətlərini Bakı şəhərində və rayonun işğaldan azad edilmiş ərazilərində bərpa etmişdir. Rayon tarix-diyarşünaslıq muzeyi, Bünyad Sərdərovun ev muzeyi, iki uşaq incəsənət və 5 uşaq musiqi məktəblərinin Bakı şəhərində, 1 muzey filialı, mərkəzləşdirilmiş kitabxana sisteminin və onun 33 filialinin, 14 kənd mədəniyyət evinin, 7 klub müəssisəsinin, 5 uşaq musiqi məktəblərinin fəaliyyətləri rayon ərazisində bərpa edilmişdir.

Rayon mərkəzi kitabxanasında və onun filiallarında tədbirlər planına uyğun olaraq əlamətdar günlərlə bağlı yüksək səviyyədə tədbirlər-sərgilər, güşələr, stendlər, görüşlər təşkil edilmişdir. Xüsusilə ziyalılarla görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskusiyalar, sual-cavab gecələri böyük maraq doğurmuşdur.

Füzuli Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2012-ci il Füzuli rayonunda “kitabxana ili” elan olunmuşdur. Mərkəzi kitabxana sisteminə lazım olan qədər kompüter dəstləri alınmış, səyyar telefonlar vasitəsi ilə internetə qoşulmuş, internet saytı açılmış, elektron katoloq yaradılmış və xeyli sayda elektron ədəbiyyatlar alınmışdır.

Rayon MKS-nin kitab fondu bu ilin əvvəlinə: 33430 nüsxə, o cümlədən latın qrafikalı : 32237 nüsxədir, oxucuların sayı 6683 nəfər, kitab dövriyyəsi isə 40303 nüsxə olmuşdur.

Rayon Tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialı rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirmişdir. Bundan başqa məktəblilərin muzeyə cəlb olunması sahəsində fəal iş aparılır. 2012-ci ilin 5 ayı ərzində muzeyə 300 nəfərə yaxın məktəbli baxmışdır. Eksponat işi də mütamadi olaraq davam etdirilir. Muzey əməkdaşları məktəblərdə səyyar sərgilər təşkil edir, rayonun tarix və mədəniyyətinə dair mühazirələr oxuyurlar.

Rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhər Mədəniyyət evinin binası yenidən qurulmuşdur. Heydər Əliyev Mərkəzi tikilmiş və mərkəzdəki kitabxanada elektron kataloq yaradılmış, elektron ədəbiyyatlar alınmış, mərkəzdə kompüter kurslarının keçirilməsi üçün bütün işlər görülmüşdür. Mərkəzdə internet şəbəkəsi yaradılmışdır. Mərkəz yeni salınmış Heydər Əliyev Parkında yerləşir. Parkda min ədəddən artıq bəzək və gül ağacları əkilmiş, insanların rahat dincəlmələri üçün bütün şərait yaradılmışdır.

Yeni müəssisələrin hər üçü ölkə rəhbəri cənab İlham Əliyevin rayona gözlənilən gəlişi zamanı istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Rayonun işğaldan azad olunmuş ərazilərində 2 tarix və 1 mədəniyyət abidəsi rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən mühafizə olunur. Bu abidələrin hər 3-ü erməni işğalı zamanı dağıdılaraq baxımsız hala salınmışdır. Həmin abidələrdən Babı kəndindəki XIII əsrə aid Şeyx Babı Yaqub türbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qazıntı işləri aparılmış və yaxın günlərdə bərpa işlərinə başlanılacaqdır. Əhmədalılar kəndindəki XIII əsrə aid Əhmədalılar türbəsinin və XIX əsrə aid Böyük Bəhmənli kəndindəki məscid binasının bərpası üçün müvafiq təşkilatlara müraciətlər olunmuşdur.

Mədəniyyət

Füzuli bölgəsində teatr 1913–1914-cü illərdə yaranmışdır. 1989-cu il avqust ayının 04-dən Füzuli Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. M.F.Axundzadənin “Hacı Qara”, İ.Əfəndiyev “Unuda bilmirəm”, C. Məmmədquluzadənin ” Danabaş kəndinin əhvalatı”, S.S.Axundovun “Eşq və İntiqam”, C.Cabbarlının “Aydın”, “Almaz” teatrın uğurlu tamaşalarındandır. Rayon ərazisində hərbi əməliyatlar getdiyi vaxt teatr dəfələrlə cəbhə bölgələrində çıxışlar etmişdir. Rayon ərazisi erməni silahlı qüvvələri tərəfindən işğal olunandan 2003-ci ilə qədər Füzuli teatrı Sumqayıt şəhərində fəaliyyət göstərmişdir. 2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonu ərazisində fəaliyyət göstərir. Hazırda Füzuli teatrı Horadiz şəhər mədəniyyət evində fəaliyyət göstərir.

Füzuli rayonunda aşağıdakı  musiqi məktəbləri fəaliyyət göstərir:

1.Füzuli şəhər S.Şusinski adına 1 №-li uşaq incəsənət məktəbi

2.Füzuli şəhər 2 №-li uşaq incəsənət məktəbi

3.Füzuli şəhər 3№-li uşaq musiqi məktəbi

4.Horadiz şəhər uşaq musiqi məktəbi

5.İnşaatçılar qəsəbə uşaq musiqi məktəbi

6.Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbi

7.Şəkərcik kənd uşaq musiqi məktəbi

8.Aybasanlı kənd uşaq musiqi məktəbi

9.Qarabulaq kənd uşaq musiqi məktəbi

10.Böyük Bəhmənli kənd uşaq musiqi məktəbi

11.Qarabağ kənd uşaq musiqi məktəbi

12.Mahmudlu 1 kənd uşaq musiqi məktəbi

İqtisadiyyat

Füzuli rayonunun ümumi sahəsi 1390 kadrat kilometrdir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcəbədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayon əhalisinin hər kvadrat kilometrinə 86 nəfər düşür. 2011-ci ildə əhalinin sayı 1.5 min nəfər, yaxud 1,3 % artaraq 115.6 min nəfər olmuşdur. 2011-ci ildə Füzuli rayonunda istehsal edilmiş 88.1 milyon manatlıq məhsulun və xidmətlərin 50 faizini kənd təsərrüfatı sahələri, 25 faizini sənaye sahələri 25 faizi xidmət sahəsinin payına düşür.

Kənd təsərrüfatı. Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan — tərəvəz aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçılıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilir.

Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70% — ni təşkil edir. 16 təsərrüfatda islahatı aparılmışdır, 5437 ailəyə 8804 ha torpaq sahəsi paylanmışdır. Orta hesabla bir ailəyə 0.40 ha torpaq sahəsi düşür. Füzuli rayonu 2011-ci ildə bütün növ kənd təsərrüfatı məhsulları istehsalında əvvəlki illə müqayisədə dinamik artıma nail olmuşdur. 2011-ci il yanvar-dekabr ayları ərzində taxıl istehsalı 65730 ton, arpa istehsalı 1221 ton, pambıq istehsalı 638 ton, şəkər çuğunduru istehsalı 30516 ton, kartof istehsalı 1608 ton, üzüm istehsalı 175 ton, meyvə istehsalı 1010 ton, tərəvəz istehsalı 5750 ton, bostan məhsulları istehsalı 4652 ton təşkil etmişdir.

2011-ci ildə diri çəkidə 2027 ton ət, 9611 ton süd, 5911 min ədəd yumurta və 151 ton yun istehsal olunmuşdur. 2010-cu illə müqayisədə ət istehsalı 114 faiz, süd istehsalı 124.8 faiz, yumurta istehsalı 129 faiz, yun istehsalı 102.7 faiz artmışdır. Füzuli rayon təsərrüfatlarında 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 30831 baş iri buynuzlu mal-qara, o cümlədən 14823 baş inək camış, 109189 baş qoyun və keçi mövcud olmuşdur. Ötən illə müqayisədə iri buynuzlu mal-qara sayı 1.8 — faiz, onlardan inək və camışların sayı 0.1 faiz, qoyun və keçilərin sayı 0.7 faiz artmışdır.

Sənaye. Füzuli rayonunun sənayesi əsasən tikiş, qida məhsullarının istehsalı, elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi ilə xarakterizə olunur.

2012-ci ilin əvvəlinə rayonda 7 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2011-ci ildə sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 2.4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

2011-ci ildə rayon sənayesinin ümumi məhsulunda qeyri dövlət müəssisələrinin xüsusi çəkisi 0.3 faiz təşkil etmişdir. 2011-ci il ərzində sənaye müəssisələri istehlakçılarına 2.4 milyon manatlıq xidmət göstərmişdir. 2012-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrində çalışan muzdlu işçilərin sayı 339 nəfər təşkil edir, işləyənlərin orta aylıq nominal əmək haqqı 142 manat olmuş və əvvəlki illə müqayisədə 13.2 faiz artmışdır.

İstehlak bazarı. 2011-ci ildə Füzuli rayonunda 35 kiçik ticarət müəssisəsi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 160 fiziki şəxs ticarət fəaliyyəti göstərmişdir.

2011-ci ildə Füzuli rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin (iaşənin dövriyyəsi daxil edilməklə) həcmi 12596.9 min manat olmuş və 2010-cu illə müqayisədə 12 faiz artmışdır.

Pərakəndə əmtəə dövriyyəsinin 35 faizi hüquqi şəxslərin, 65 faizi isə bazarlarda və çadırlarda fəaliyyət göstərən fiziki şəxslərin payına düşür. 2011-ci ildə əhaliyə 5714.4 min manatlıq və ya 2010-cu illə müqayisədə 14 faiz çox müxtəlif növ pullu xidmətlər göstərilmişdir. Hüquqi şəxslər üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 mln manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini tərəfindən ticarət şəbəkəsindən 220 manatlıq və ya 2010-cu illə müqayisədə 30 faiz çox istehlak malları alınmışdır. Füzuli rayon statistika idarəsi işçiləri tərəfindən aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, 2011-ci il ərzində əhaliyə 45 adda yeni istehlak mallarının satışı və 3 yeni xidmət növü fəaliyyət göstərmişdir. Təhlil zamanı məlum olmuşdur ki, göstərilmiş yeni fəaliyyət növləri yeni ticarət və xidmət obyektlərinin istifadəyə verilməsi nəticəsində olmuşdur.

Əmək bazarı. Füzuli rayonunun iqtisadiyyatında məşğul olanların sayı 2010-cu ildə 73254 nəfər, 2011-ci ilin yanvar-dekabr aylarında isə 73610 nəfər təşkil etmişdir. Rayonun müəssisə, idarə və təşkilatlarında çalışan muzdlu işçilərin siyahı sayı 2010-cu ildə 15287 nəfər və 2011-ci ilin yanvar-dekabr aylarında 15378 nəfər olmuşdur. Məşğulluq xidməti orqanları tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 766 nəfər təşkil etmişdir. İşsizlik müavinəti alanların sayı 2012-ci ilin yanvar ayının 1-i vəziyyətinə 26 nəfər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı 2010-cu ildə 196,9 manat və 2011-ci ilin yanvar-dekabr aylarında 210,4 manat təşkil etmişdir. Son illər ərzində rayon üzrə yüksək orta aylıq nominal əmək haqqı iqtisadiyyatın təhsil, elektrik enerjisi, qaz və ya suyun istehsalı və bölüşdürülməsi, maliyyə fəaliyyəti, tikinti, dövlət idarəeetməsi və müdafiə sahələrində müşahidə olunmuşdur. Yeni iş yerlərinin açılması. Füzuli rayonunda 2011-ci ildə 1575 yeni iş yeri açılmış, onların 490 daimi iş yeri olmuşdur. İl ərzində rayonda açılmış daimi iş yerlərinin 32,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 67,7 faizi isə fərdi sahibkarlar tərəfindən yaradılmışdır. 2011-ci ildə rayon üzrə açılmış 1575 yeni iş yerinin 490 daimi iş yerləri, 75 digər tədbirlərin keçirilməsi məqsədilə idarə və müəssisələrdə, 1010 isə mövsümü iş yerləri olmuşdur.

Pensiya təminatı. 2012-ci ilin əvvəlinə Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsində 10516 nəfər pensiyaçı qeydiyyatda olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə təyin olunmuş aylıq pensiyaların orta mbləği 30 faiz artaraq 130.8 manat təşkil etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən 2011-ci il ərzində rayonda 4088 nəfər sosial müavinət, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 243 nəfər isə təqaüd almışdır. 1059 az təminatlı ailənin 4766 üzvü ünvanlı dövlət sosial yardımı almış, bu yardımın bir nəfərə düşən orta aylıq məbləği 100 manat olmuşdur.

Təhsil

Füzuli rayonunda ümumtəhsil məktəblərinin sayı 81, o cümlədən 1 ibtidai , 5 ümumi orta ,74 tam orta,ümumi saydan Gimnaziya 1.Şagirdlərin sayı 12163 nəfər . 2002–2008 ci illər ərzində 18 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.Bunlardan 8 məktəb binası Qayıdış qəsəbələrində ; 2 saylı Qayidış qəsəbəsində 120 şagird yerlik ,1,3,4,5 saylı Qayıdış qəsəbələrində 135 şagird yerlik 6,7,8 saylı Qayıdış qəsəbələrində 198 şagird yerlik ,Aşağı Alxanlı kəndində 132 şagird yerlik,Araz Dilağarda kəndində 120 şagird yerlik,Qarabulaq kəndində 180 şagird yerlik ,Aşağı Alxanlı kəndində ( Kolluda ) 80 şagird yerlik,Sumqayıt şəhərində 90 şagird yerlik və Zobucuq qəsəbələrinin hər birində 288 şagird yerlik 5 məktəb binası tikilib istifadəyə verilmişdir.

Ümumi təhsil bazasından 297 nəfər TQDK-ya sənəd vermiş,bunlardan 112 nəfəri ölkənin müxtəlif orta ixtisas məktəblərinə daxil olmuşdur.

2012-ci ildə məzunlarımızın 316 nəfəri ali və orta ixtisas məktəblərinə daxil olaraq tələbə adını qazanmışdır.Ali məktəblərə daxil olmuş məzunlardan 3 nəfəri 600 baldan yuxarı,12 nəfəri 500 baldan yuxarı,30 nəfəri 400–500 bal arası ,77 nəfəri 300–400 bal arası ,82 nəfəri isə 300 bala qədər toplamışdır

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

  • 1999-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında
ərazi
cəmikişiqadın
nəfərfaiznəfərfaiznəfərfaiz
Füzuli rayonu111905100,050687100,061218100,0
Şəhər əhalisi4167437,241850736,512316737,84
Kənd əhalisi7023162,763218063,493805162,16

Etnik tərkibi

Füzuli rayonu : 1939-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)Azərbaycanlılar40.368 (92,8%)Talışlar19 (0,1%)Ruslar1.271 (2,9%)Ermənilər1.692 (3,9%)Ləzgilər35 (0,1%)Gürcülər2 (0,1%)Bütün rayon üzrə43.487 (100%)Füzuli rayonu : 1959-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)Azərbaycanlılar45.908 (95,0%)Talışlar- (-)Ruslar773 (1,6%)Ermənilər1.461 (3,0%)Ləzgilər13 (0,1%)Gürcülər68 (0,1%)Bütün rayon üzrə48.330 (100%)
Füzuli rayonu : 1970-ci il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)Azərbaycanlılar64.697 (96,0%)Talışlar- (-)Ruslar1.368 (2,0%)Ermənilər1.123 (1,7%)Ləzgilər9 (0,1%)Gürcülər12 (0,1%)Bütün rayon üzrə67.397 (100%)Füzuli rayonu : 1979-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı(Nəfər)Azərbaycanlılar73.464 (96,6%)Talışlar- (-)Ruslar1.544 (2,0%)Ermənilər833 (1,1%)Ləzgilər39 (0,1%)Gürcülər10 (0,1%)Bütün rayon üzrə76.013 (100%)

Görkəmli şəxsləri

  • Ağabala Abdullayev — klassik Azərbaycan xanəndəsi.
  • İslam Rzayev — xanəndə, Xalq artisti.
  • Süleyman Abdullayev — əməkdar artist
  • Qəndab Quliyeva — xalq artisti
  • Vüqar Bayramov — İqtisadçı, VI Çağırış Milli Məclisinin Deputatı
  • Bəşir İmanov — azərbaycanlı milis general-polkovniki
  • Cəmil Əlibəyov — yazıçı.
  • Əşrəf Veysəlli — şair, əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü.
  • Seyran Səxavət — şair, dramaturq, tərcüməçi.
  • Hətəm Quliyev — Akademik
  • Vaqif Bəhmənli — şair, publisist, tərcüməçi, əməkdar mədəniyyət işçisi.
  • Azad Ələkbərov — Azərbaycan generalı
  • Umud Rəhimoğlu(Mirzəyev) — Jurnalist, əməkdar mədəniyyət işçisi.
  • Arif Quliyev — texnika elmləri doktoru, professor.
  • İlyas Əfəndiyev — nasir, dramaturq, Azərbaycanın xalq yazıçısı.
  • Akif Musayev — iqtisad elmləri doktoru, professor.
  • Qabil Əliyev — tarix elmləri doktoru, professor.
  • Bahar Muradova — Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
  • İqbal Ağazadə — siyasətçi.
  • Qubad Bayramov — iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri.
  • Əfsər Cavanşirov — bəstəkar, “Bənövşə” uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri.
  • Bəhram Nəsibov — bəstəkar, şair.
  • Rafiq Atakişiyev — rejissor.
  • Şamama Həsənova — iki dəfə Sosialist Əməyi Qəhrəmanı.
  • İldırım Cabbarov — Teatr Rejissoru
  • Faiq Qısmətoğlu — əməkdar yurnalist.
  • Şükür Şənol — şair
  • Hafiz Tahirov- Əməkdar müəllim
  • Bəhram Məmmədli-Əməkdar müəllim,tarix üzrə fəlsəfə doktoru.

Füzulidən olan milli qəhrəmanlar

  • Fərzəliyev Pəhlivan Əhliman oğlu (1958–1992)
  • İbrahimov Rasim Səxavət oğlu (1962–1992)
  • Məmmədov Seymur Qəhrəman oğlu (1971–1992)
  • Zülfüqarov Elxan Qaçay oglu (1954–1994)
  • Rəfiyev Faiq Qəzənfər oğlu (1955–1992)
  • Kərimov Bəşir Bəylər oğlu (1976–1995)
39°36′01″ şm. e. 47°08′35″ ş. u.
Ölkə Azərbaycan
Daxildir51
İnzibati mərkəzFüzuli
İcra başçısıAlı Alıyev
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi1386 km²
Hündürlük264 m
Əhalisi
Əhalisi144 000 nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-FUZ
Telefon kodu994 26
Poçt indeksiAZ 1900
Avtomobil nömrəsi19

Oxşar Xəbərlər