Füzuli şəhərinin əhalisinin və ərazisinin nə qədər olacağı açıqlanıb

Apr12,2023

Füzuli şəhərinin Baş planında şəhərin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50000 nəfərə çatacağı nəzərdə tutulur.

QİA.AZ xəbər verir ki, sənəddə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.

Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.

Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. 2030-cu ilədək dayanıqlı inkişaf üçün 4 əsas istiqamət seçilib: idarəetmə, iqtisadiyyat, sosial rifah, ətraf mühit.

Oxşar Xəbərlər