Gənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Dek 12, 2023

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası(NAYORA) tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. 

Belə ki, 12 dekabr tarixində gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirlərin davamı olaraq Azərbaycanın sabiq baş naziri Həsən Həsənovla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ulu Öndərin gənclər siyasəti modeli” mövzusunda görüş keçirilib. NAYORA-nın sədri Rafael Hacıbəyli açılış nitqi ilə çıxış edərək Ümummilli Liderin Azərbaycanın hər tərəfli tərəqqisi yolunda çoxşaxəli fəaliyyətindən və tarixi missiyasından, dövlət təhlükəsizliyinin və müstəqilliyinin qorunması yolunda verdiyi misilsiz tarixi xidmətlərdən söz açaraq, 30 ildən bəri işğalda olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığa qovuşduğunu vurğulayaraq, bu gün Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.

Görüş zamanı Həsən Həsənov Ulu Öndərin həyatını, zəngin dövlətçilik təcrübəsini, gənclər siyasətinin ərsəyə gəlməsində verdiyi böyük töhfələrdən danışaraq, onun Azərbaycanın xoşbəxt gələcəyini hər zaman gənclərdə gördüyünü diqqətə çatdırıb. Görüş qarşılıqlı disskusiya şəkilində davam edib.

Daha sonra Gənclər Təşkilatlarının Resurs Mərkəzində Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla “Gənclər təşkilatları arasında Ulu Öndərin irsinin təbliği” mövzusunda görüş keçirilib. Görüş Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla anımlası ilə öz işinə başlayıb. Görüş zamanı Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın rifahlı gələcəyi üçün gənclərdən olan gözləntilər, onun əməllərinin davamçısı Prezident İlham Əliyevin ölkəmiz üçün xidmətlərindən geniş bəhs edilib, iştirakçıların çox saylı sualları cavablandırılıb.

Qeyd edək ki, silsilə fəaliyyətlərdən digər biri “Gənclər təşkilatlarının intellektual yarışı”olub. Yarış “Nə? Harada? Nə zaman?” formatında keçirilib. Suallar Ulu Öndərin həyatı, hakimiyyət dövrləri, Azərbaycanın müasir tarixi və ümumi dünyagörüşü suallarından ibarət olub. Birinci yerin qalibi “Böyük Qayıdış” Gənclər Təşkilatı kubok, ikinci və üçüncü yerləri öz aralarında bölüşən Cavan Gənclər Hərəkatı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi isə medal ilə təltif olunublar

Oxşar Xəbərlər