Gəncədə 500 minlik narkotik ələ keçirildi

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən QİA.az-a bildirilib ki, tədbirlər nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Baş İdarərinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitənin ölkə ərazisində çatdırılmasını təmin etmək istəyən Samux rayon sakini Elşən Xəlilov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki çantadan qara bazarda qiyməti 500 000 manata yaxın olan 14 kq 926 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Yaşar Abbasovun əlindəki çantadan 18 kq 400 qram çəkidə qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı şübhəli şəxs narkotik vasitənin ona aid olmasını bir müddət əvvəl gizlətdiyi yerdən götürüb Gəncə şəhərinə gətirən zaman saxlanılmasını etiraf edib.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.

Həmin şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Oxşar Xəbərlər