Gəncədə “Yaşıl Gələcək Forumu: İqlim Dəyişikliyi ilə Mübarizə” keçirildi

5-9 dekabr 2024-cü il tarixlərində Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşıl Gələcək Forumu: İqlim Dəyişikliyi ilə Mübarizə” adlı tədbir baş tutub.

Qia.az xəbər verir ki, forumda Bakı və Gəncədən müxtəlif sahələri təmsil edən 100 gənc iştirak edib. Tədbirin məqsədi iqlim dəyişikliyi ilə bağlı aktual problemləri müzakirə etmək, gəncləri ekoloji təşəbbüslərə cəlb etmək və onların bu sahədə həll yolları təklif etmələrinə şərait yaratmaq olub.

İştirakçılar müxtəlif mövzular üzrə komitələrə bölünərək, iqlim dəyişikliyi, ekoloji siyasət və dayanıqlı inkişaf istiqamətində müzakirələr aparıblar. Forumun sonunda komitələr tərəfindən hazırlanmış qətnamələr təqdim olunaraq debatlar keçirildi və iştirakçıların fəal iştirakı ilə müzakirə olunub.

Tədbirin yekununda qəbul edilən qətnamələr iqlim dəyişikliyi ilə mübarizə sahəsində gənclərin baxışlarını və təkliflərini əks etdirib. Bu qətnamələr müvafiq qurumlara təqdim olunacaq və gələcəkdə ekoloji siyasətin formalaşdırılmasına töhfə verə bilər.

Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyi ekoloji məsələlərə dair gənclər arasında məlumatlılığı artırmaq və onların fəal iştirakını təmin etmək məqsədilə gələcəkdə də bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırır.

Oxşar Xəbərlər