Gənclər Fondu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Gənclər Fondu Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Fondan QİA.AZ-a verilən məluata görə, başsağlığında deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli dövlət xadimi, gənclərin dostu Azad Rəhimov uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Azad müəllimin Azərbaycanda gənclər siyasətinə verdiyi töhfələr, gənclər təşkilatları və gənclərlə qurduğu səmimi münasibət hər birimizin xatirəsində əbədi yaşayacaqdır.

O, Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılması da daxil olmaqla dövlət başçısının gənclər sahəsində bir çox innovativ layihələrinin formalaşmasında və təşəkkül tapmasında mühüm rol oynamış, hər zaman gənclərə olan səmimiyyəti və qayğıkeşliyi ilə seçilmişdir.

Fəaliyyətimizdə hər zaman Azad müəllimin yaxından dəstəyini hiss etmiş, gənclər tərəfindən irəli sürülən təşəbbüslərin onun tərəfindən necə həssaslıq və diqqətlə dəyərləndirilməsinin dəfələrlə şahidi olmuşuq.

Nazir vəzifəsində çalışdığı bütün dövr ərzində hər bir Azərbaycan gəncinin yanında olmağa, onun qayğılarını bölüşməyə, yaradıcılıq potensialının reallaşdırılmasında gənclərə yardımçı olmağa səy göstərən, bunu yalnız vəzifə deyil, həm də insanlıq borcu hesab edən Azad Rəhimov yaddaşlarda əsil ziyalı, görkəmli dövlət xadimi, xalqına və dövlətinə sonsuz sədaqəti ilə seçilən vətəndaş kimi yaşayacaqdır.

Azərbaycan Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzləri adından Azad müəllimə Allahdan rəhmət, yaxınlarına və ailəsinə səbr diləyirik!”.

Oxşar Xəbərlər