“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başlayıb-FOTO

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən “Kür Hotel”də “Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi”nə start verilib. QİA.az xəbər verir ki, 100 gəncin iştirakı ilə baş tutan layihənin məqsədi gənclərin rəqəmsallaşan dünyanın əmək bazarında yeni peşə trendləri ilə bağlı məlumatlandırılması, onların rəqəmsal savadlılığının artırılması, intellektual inkişafına nail olunması, İKT üzrə təhlil və analiz bacarıqlarının inkişaf etdirilməsi, informasiya müharibəsində düzgün istiqamətləndirilməsi, sosial media menecmenti və kibertəhlükəsizliklə bağlı maarifləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkilidir. 

Layihə üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1523 gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 100 nəfərlik iştirakçı heyəti formalaşdırılıb. 

Proqrama əsasən gənclər iyunun 18-də Mingəçevir şəhərinə yollanıb. 

İyunun 19-da “Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi”nin açılış mərasimi keçirilib. Mərasimdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib. Daha sonra isə “Kür Hotel”in konfrans zalında açılış mərasiminə start verilib. Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri, gənclər iştirak edib.

Tədbirin əvvəlində qonaqlar və layihə iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni canlı şəkildə ifa olunub, ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Layihənin ötən iki günü ərzində İT üzrə mütəxəssis və təlimçi Azər Sanılının təqdimatında “İT sahəsində karyera imkanları” mövzusunda ilk təlim, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin moderatorluğu və influnserlər Mehin Oktaylı, Apruza Əliyeva, Xatirə Yüzbəyovanın iştirakı ilə “Sosial media, influnserlik fəaliyyəti və yeni trendlər” mövzusunda ilk panel müzakirə baş tutub. 

Layihə çərçivəsində birinci günün sonu “Welcome Party”, ikinci günün sonu isə “Enerjini Paylaş” devizli mədəni-kütləvi tədbirlə başa çatıb. DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.

Oxşar Xəbərlər