Gənclərin dostu olan nazirin 40 yaşı tamam olur

Apr14,2021

Bu gün Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarovun 40 yaşı tamam olur.


“QİA.az”
xəbər verir ki, Cabbarov Azad Vaqif oğlu 14 aprel 1981-ci ildə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə “Naxçıvan” Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirmişdir. 2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir. 2008-ci il oktyabrın 6-dan 11-dək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Azərbaycan Respublikasında gənclər siyasəti” proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak etmişdir.


2004-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı əməliyyat tağımında polis vəzifəsində çalışmışdır. 2007-2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləmişdir. 2008-2009-cu ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2009-2011-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır. 2011-ci il aprel – iyul aylarında Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində nazir müavini olmuşdur. 1 iyul 2011-ci il tarixindən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri vəzifəsində çalışır. 18 iyun 2019-cu il tarixində keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədridir. YAP Gənclər Birliyinin İdarə Heyətinin və YAP Naxçıvan MR Təşkilatının İdarə Heyətinin üzvüdür.
1 fevral 2019-cu ildə Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəlidir, iki övladı var.


“Qarabağ İnformasiya Agentliyi”nin kollektivi olaraq hörmətli Azad müəllimi təbrik edir və işlərində uğurlar arzulayırıq.

Fəridə Ağaxanlı

Oxşar Xəbərlər