“Gənclərin Siyasi Savadlılığının Artırılması” layihəsi çərçivəsində təlim proqramına start verilib-Foto

Okt6,2021

“İrəli” İctimai Birliyi gənclərin siyasi, iqtisadi və humanitar sahələrdə biliklərini artırmaq, onların hərtərəfli inkişafına və maarifləndirilməsinə dəstək olmaq, o cümlədən ölkə gəncliyinin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə müxtəlif növ tədbirlər həyata keçirir.
İctimai Birlikdən QİA.AZ-a bildiriblər ki, qurumun təşkilatçılığı ilə baş tutan “Gənclərin siyasi savadlılığının artırılması” layihəsi çərçivəsində təlim proqramına start verilib. Proqramın icrası müddətində ümumilikdə 20 gənc on fərqli mövzuda nüfuzlu dövlət xadimləri və ictimai xadimlərin iştirakı ilə vörkşoplarda, müxtəlif növ siyasi nəzəriyyə və diskussiya formatında seminarlarda iştirak edəcəklər.
Layihənin əsas məqsədi gənclərin siyasi və diplomatik sahədə biliklərinin artırılmasına töhfələr vermək, onların beynəlxalq layihələrdə və tədbirlərdə ölkəmizin təmsilçiliyində daha hazırlıqlı olmalarına kömək etmək və gənclərin qərar qəbulu prosesində iştirakçılığına nail olmaqdır.
Xatırladaq ki, təşkilat tərəfindən bu istiqamətdə indiyədək “Gənclərin simulyasiya akademiyası”, “Nəzər nöqtəsi”, “Virtual məkanda Azərbaycan” layihələri çərçivəsində gənclərin müxtəlif mövzularda həm özəl, həm də dövlət sektorunda qarşılaşa biləcəkləri problemlərin simulyasiya oyunları şəklində müzakirəsi təşkil olunub, rəqabətədavamlı və Azərbaycan reallıqlarına dərindən hakim olan gənclərin yetişdirilməsi məqsədilə müxtəlif mövzularda təlimlərin keçirilməsi təmin edilib.
“İrəli” İctimai Birliyi ölkədə rəqabətədavamlı gəncliyin formalaşması və gənclərin hərtərəfli inkişafı sahəsində tədbirlərini bundan sonra da davam etdirəcək.

Oxşar Xəbərlər