Gülərək şəhadətə yüksələn qəhrəman – FOTO

Mar25,2021

Azərbaycan! Bu diyar böyük şəxsiyyətlər, müdrik insanlar, yenilməz sərkərdələr, qəhrəmanlar beşiyidir.
El-obanın başbiləni Dədə Qorqud, Azərbaycan torpağını 27 il işğalçılardan qorumuş Cavanşir, 21 il Vətən keşiyində azadlıq aşiqi Babək, 38 illik qısa ömür yolunda pərən-pərən düşmüş Azərbaycan torpaqlarının birliyinə, bütövlüyünə can atan Şah İsmayıl Xətai, sonrakı dövrlərdə Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski, Həzi Aslanov, yaxın keçmişdən Yusif Mirzəyev, Çingiz Mustafayev, İdris Məmmədov və bayrağı bu qəhrəmanlardan təhvil alaraq Azərvaycanın yeni tarixinə düşmüş Mübariz İbrahimovlar, Polad Həşimovlar, Nihad Seyidovlar, Xansu Qurbanovlar, Fuad Əlizadələr və adlarını qeyd etmədiklərim bu torpağın bütövlüyü uğrunda canlarından keçdilər.
Bu igidlər son 200 ilin seçilmiş sərkərdəsi olan İlham Əliyevin komandanlığı altında qəhrəmanlıq salnaməsinə Azərbaycanın adını qanlarıyla yazıblar.
Onlar Vətəni, torpağı, ata-ananı, dövləti və milləti, mənalı yaşamağı seviblər. Milli mənəvi dəyərlərimizi, tariximizi qiymətləndirməyi, ulu sərkərdələrdən örnək almağı bacarmış adi insan kimi doğulan bu qəhrəmanlarımız, şəhid kimi ölməyi seçdilər.
Şəhidlik Allah dərgahında, peyğəmbər hədislərində də ən uca məqamlardan hesab olunur. Müqəddəs “Quran” ayələrində bu ali hissin mahiyyətini açan ülvi bir kəlam var. “Vətən sevgisi imandır”. O kəsin qəlbində Vətənə insanlara sevgi varsa, elə bu imandır, qəhrəmanlıqdır. Bu amalla şəhid olmuş insanın da yeri axirət dünyasında cənnətdir.

Vətən naminə qəhrəmanlığa səfərbər olmuş, ömrünü Vətənə həsr etmiş, əbədi ömür sahibi olmuş Azərbaycan oğullarından biri də Əlizadə Fuaddır. O, yalnız ölüm haqqında fikirləşməyib. Çox şey fikirləşib. Ən əsası: “Vətən torpağı erməni tapdağından azad olunmalıdır. Nəyin bahasına olursa-olsun” deyib Fuad. Onun üçün Vətən sevgisi bütün ali hisslərdən üstün olub. Bu qəhrəman qardaşımız da torpaq borcu, Vətən sevgisi naminə canından keçib.
Çoxunuz sosial şəbəkələrdə onun fotosunu görüb, adını oxumusunuz. Bütün paylaşımlarda Fuadın “gülərüz, nur üzlü şəhidim” sözləri ilə anıldığını oxumusunuz.

Əlizadə Fuad Nazim oğlu 5 iyul 1994-cü ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər 17 saylı tam orta məktəbdə alıb. Vətən sevgisi, hərbə maraq yolunda Fuadın ilk addımı 2008-ci ildə Heydər Əliyev adına Naxçıvan hərbi liseyinə atmasıyla başlandı. Uğurla başlanan bu yol 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbdə davam edib. 2015-ci ildə təhsilini leytenant rütbəsiylə başa vurmuş Fuad 2016-ci ilin yanvarin 1-dən etibarən 172 saylı hərbi hissədə işə başlayıb. Qəhrəman el oğlu 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. Həmin dövrdə və xidmətdə olduğu müxtəlif vaxtlarda nümunəvi xidmətinə görə bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılan Fuad Əlizadə, Azərbaycan Ordusunun 100 illik yubiley medalı ilə də təltif edilib.
Aprel döyüşlərindən qayıtdıqdan sonra 2016-ci ilin may ayından Murov dağ zirvəsində 4 il müddətində sinəsini sipər edən Fuad 2018-ci ildə baş leytenant rütbəsinə layiq görülüb. Şəhid qardaşımız 2020-ci ilin fevral ayından 777 saylı hərbi hissədə xidmətini davam etdirib.
2020-ci il sentyabrdan başlanan düşmən təxribatının qarşısının alınması ilə başlanan Vətən müharibəsində döyüş bölgəsinə yollanıb Fuad.
Belə bir övlad yetişdirən qəhrəman ata-ananı yaxından tanıyıb həmsöhbət olmaq üçün 21 martda igidimizin ailəsini ziyarət etdik.
Qapıda bizi qarşılayan qardaşı Fərid, evlərinə dəvət etdi. Ailə ilə səmimi söhbətimiz oldu.
Fuadın anası Şəfa xanım, atası Nazim kişi söhbət zamanı övladlarının necə mehriban olmasından, ailəsinə və Vətəninə bağlılığından fəxrlə danışırdılar. Övlad həsrəti ilə yaşayan, saçları ağarmış valideynlərin bəzən qürurdan, bəzən də qəlblərindəki sızıdan gözləri dolurdu.
Söhbət zamanı öyrəndik ki, baş- leytenant Fuad Əlizadə Murov dağ, Füzuli istiqamətində mövqələrimizin işğaldan azad edilməsində xüsusi fəallıq göstərib. Cəbrayıl, Qubadlı, Laçın dəhlizi uğrunda döyüşlərdə ön cəbhədə qəhrəmancasına vuruşub igid el oğlumuz.
Muharibə zamanı bir neçə dəfə ölümdən dönən Fuad bir komandir kimi tabeliyində olan şəxsi heyəti canı bahasına qoruyub. Döyüşçülərinin ondan irəlidə getməsinə əsla imkan verməyib. Xəstə olanda onların başı üstündə gecələyib, yatağını əsgəri ilə paylaşıb. Onun döyüş yoldaşları, həyatını qurtardığı insanlar şəhid haqqında valideynlərinə minnətdarlıqla danışıblar. Döyüşə yollanmazdan əvvəl şəxsi heyətlə söhbət aparan komandir onlarda döyüş əzmini artıraraq ruh yüksəkliyi aşılayıb. “Qardaşlarım, mən hər zaman sizin yanınızda olacağam. Nəinki yanınızda, sizdən öndə olacağam hər zaman. Əgər mənim bir addım geri çəkildiyimi görsəniz, siz də geri çəkilin”. Elə də oldu. Baş-leytenant Əlizadə Fuad daim irəli getdi. Son anına qədər döyüş yoldaşlarının qayğısına qalaraq, gülərüzlə onlarda döyüş ruhunu daim yüksək tutdu.
Qubadlı rayonu işğaldan azad edildikdə Fuad yenə təvazökarlıq göstərərək Qubadlıya üçrəngli bayrağı özü deyil, tabeliyində olan müddətdən artıq hərbi xidmətdə olan əsgərinə verərək onun sancmasını istəyib. Belə bir komandir olub Fuad.
Bir neçə gün döyüşdükdən sonra Laçına yollanmış qəhrəmanımızın son döyüşü də orada olub. Döyüşlərdə yaralı olmağına baxmayaraq, bir neçə yaralı əsgərini döyüş meydanından çıxarıb Fuad. Yaralı komandirini atəş xəttindən uzaqlaşdırmağa çalışan tibb sanitarı Pərvin Kazımovun cəmi bir günlük tanışlığa baxmayaraq baş- leytenant Əlizadə Fuadın haqqında söylədiklərini olduğu kimi təqdim edirik:
“Mənim bölük komandirim olub baş-leytenant Fuad Əlizadə. O, qəhrəman idi…..vallah qəhrəman idi. Komandirim Laçın uğrunda gedən gərgin döyüşlərdə yaralanmış üçüncü adam idi. Hərbdə belə bir qayda var ki, yaralılar arasında əvvəlcə komandir həmin yerdən uzaqlaşdırılmalıdır. Mən də elə etməyə çalışanda icazə vermədi. Dedi əvvəl əsgərləri çıxar. Dedim oldu. Komandiri oradan çıxaranda düşmən bizi gördü və atəşi üzərimizə yönəltdilər. Mən ayağımdan yara aldım. Buna məhəl qoymadım və qardaşımla bir-birimizə tutunaraq başladıq yuvarlanmağa. Bu yolla atəş altından çıxmağa çalışdıq. Amma dövrə vurarkən Fuad üst tərəfdə olanda düşmən gülləsinə tuş gəldi. Snayper qardaşımı baş nahiyəsindən vurmuşdu. Buna baxmayaraq Fuad gülürdü. Vallah. And olsun yaradana əsil şəhadət onun şəhadəti oldu. Çünki O, nə görürdüsə,…and içirəm. Gülərək də kəlmeyi şəhadətini deyirdi. Ona dedim ki, komandir, mənim sizə paxıllığım tutur. Qəhrəman qardaşım gülərək də şəhidlik zirvəsinə ucaldı. Çox gözəl insan, yaraşıqlı, mərd, igid komandir idi. Allah rəhmət eləsin”.
Noyabrın ilk günlərində Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Fuad Əlizadə ölümündən sonra Ali baş Komandan İlham Əlievin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, Qubadlının azad olunmasına görə”, Laçının azad oıunmasına görə” medalları ilə təltif edilib.
Ailə ilə söhbət əsnasında Fuadın qardaşı Fərid qeyd etdi ki, yuxarıda xatirələrini sizinlə bölüşdüyümüz Pərvin Kazımov 2 noyabrda şəhid olmuş tibb sanitarının yerinə göndərilibmiş baş-leytenant Fuad Əlizadənin bölüyünə. “Pərvin mənə dedi ki: “Bölüyə təhkim olunduğum ilk gün çoxlarını orada tanımırdım. Gecə yatmaq istəyəndə yalnız bir yerin boş olduğunu gördüm. Orada yatmaq istəyəndə yoldaşlar bu yerin komandirə aid olduğunu dedi. Mən kənara çəkiləndə komandir gəldi və mənə “mənim yerim sənin yerindir” dedi. Həmin gün komandirimlə iki qardaş kimi bir yataqda yatdıq”. Qardaşım Fuad əsgərlərinə həm komandir, həm də qardaş olub”-deyən Fəridə.. Bəs sənə necə qardaş olub? sualını vermək istədim. Fərid bu sualı dilə gətirməmiş cavablandırdı:” Fuad yaşca məndən iki yaş kiçik olsa da, reallıqda böyük qardaşım idi. O, uşaq vaxtlarımızdan hər zaman yanımda olmuşdu. Hər çətinə düşəndə, ona ehtiyacım olanda arxa, dayaq olub mənə. Valideynlərimə demədiyimi ona deyərdim. Fuad aydın düşüncəli, ağıllı söhbətlər edən, yaxşı məsləhət və tövsiyyələr verən həm dost, həm də böyük qardaş olub mənə. Onsuz indi elə bil sol yanım yoxdur mənim. Onsuz natamam qalmışam.
Onu da qeyd edim ki, uşaqlıqdan bəri çəkdirdiyimz bütün fotolarda o qeyri-ixtiyari mənim sol tərəfimdə durub. Bunu sonra müşahidə etdim. Fuad 2019-cu ilin noyabr ayında mənim toy mərasimimdə iştirak etmək üçün bir neçə günlüyünə Naxçıvana gəlmişdi. Onu gec-gec görərdik. Telefonla əlaqə saxladığımızda mənim yeni anadan olmuş oğlan övladımı da mütləq soruşardı. Oğlumu görməyi çox istəyirdi. Amma qismət olmadı. Toyumdan 1 il sonra yenə noyabr ayında şəhidlik zirvəsinə ucaldı.
Heç yadımdan çıxmaz şəhid olmamışdan bir gün əvvəl zəng etmişdi. Danışdıq. Anama belə bir cümlə işlətdi:” Ana, sən bilirsən kimin anasısan”? Anam sözünü kəsdi, dedi: demə, mən sənin, Fəridin anasıyam, Şəfayam.. dedi. “ana, sən qəhrəman anasısan”. dedi Fuad”.
Söhbət əsnasında şəhid qardaşının o qədər də söhbətçil olmadığını hiss etmişdim. Bu durğunluq nə eqoistlik, nə də başqa bir şeydir. Fərid sözün məcazi mənasında özünə qapanan bir qardaşımızdır. Burada onun dilindən sizinlə paylaşdıqlarımın əksəriyyətini evlərində olan zaman danışmayıb. Sonradan telefonla əlaqə saxladığımızda bizimlə paylaşdı.
Sonda onun qardaşı Fuada həsr etdiyi kiçik bir şeiri sizinlə bölüşürük:

Qanadı qırılmış bir qartal kimi,
Çırpınıb göylərə uça bilmirəm.
Qardaşla əl-ələ keçdiyim yolu
Mən indi qardaşsız qaça bilmirəm.
Bu qardaş həsrəti öldürür məni
Əcəlim bəlkə də, belə öldürməz,
Yuxuma gələndə güldürür məni.
Dünyalar gəlsə də, belə güldürməz.
Qardaşdır həmişə qardaşa dayaq,
Hardadır bəs mənim arxa dayağım?
Qardaşsız bacarmır büdrəyir ayaq,
Necəki büdrəyir mənim ayağım.

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində Azərbacan xalqının yüzlərlə qəhraman şəhidi oldu. Bu qəhrəmanların hər birinin həyatı və döyüş yolu bir roman, bir qəhrəmanlıq hekayəsidir. Əlizadə Fuad Nazim oğlu da tarixə düşən belə qəhrəmanlarımızdandır.
Allah bütün şəhidlərə rəhmət eləsin. Haqqınız ödənməz.

Bəxtiyar Əliyev

Oxşar Xəbərlər