Gürcüstanın yeni X çağırış parlamentində 9 siyasi partiya təmsil olunacaq.
“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, Gürcü Arzusu Partiyasının qanunverici orqanda proporsional sistem üzrə seçilən 61 deputatı olacaq.
Hakim partiya 30 majoritar dairənin 14-də qalib gəldiyinə görə mandatlarının sayı 75-ə çatacaq.
Parlamentdə çoxluğunu təmin etmək və hökuməti formalaşdırmaq üçün “Gürcü Arzusu”na yalnız bir mandat tələb olunur. Bunun üçün partiyaya noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turunda 16 majoritar dairənin birində səs çoxluğu qazanmaq kifayət edəcək.
Seçkilərin ilkin nəticələrinə əsasən, “Vahid Milli Hərəkat – Güc birlikdədir” seçki bloku 35, Avropalı Gürcüstan Partiyası 5, “Aqmaşenebeli strategiyası” siyasi birliyi 4, “Lelo” partiyası 4, “Vətənpərvərlər Alyansı” 4, “Qirçi” 4, “Vətəndaşlar – Aleko Elisaşvili” hərəkatı 2, Leyboristlər partiyası isə 1 mandat əldə edib.
Qeyd edək ki, yeni seçilən parlamentin ilk iclası dekabrın 20-dən gec olmayaraq keçirilməlidir.