Son günlər ölkədə koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Məsələn, ötən günün statistikasına əsasən Azərbaycanda koronavirus testi aparılan 1200-ə yaxın şəxsin nəticəsi pozitiv olub. Yoluxma hallarının artması ilə yanaşı, ölüm faktlarının sayında da artım qeydə alınır. Nəzərə alsaq ki, ölkədə “Delta” ştamı da var və əhalinin daha diqqətli olması labüddür. Çünki qonşu Gürcüstanda yeni ştama sürətli yoluxma və ölüm faktları qeydə alınır.
Həkim-infeksionist Ləman Qalimova “QİA.AZ“a açıqlamasında ölkədəki yoluxma hallarının artmasını şənlik mərasimləri, çimərlik mövsümünün açılması, eləcə də açıq havada maska istifadəsinin ləğvinin insanlarda arxayınlıq yaratması ilə əsaslandırıb: “Halbuki ölkədə peyvənd vurduranların sayı kifayət qədərdir, amma hələ ki yetərli deyil. Bəzi insanlar hələ də vaksinasiyadan qorxur. Ancaq vətəndaşlarımızı peyvənd vurdurmağa çağırıram. Çünki koronavirus pandemiyasına qalib gəlməyin yeganə yolu vaksinasiyadır. Əgər yoluxma bu templə artarsa, səhiyyə sisteminin də üzərinə yük qoymuş olar. Ona görə də özünüz və yaxınlarınızın sağlamlığı üçün mütləq şəkildə vaksin olunmaq lazımdır”.
Onun sözlərinə görə, ölkədə “Delta” ştamının olması da yoluxmanın artmasına təsir göstərir: “İnfeksiyaya qarşı qoruyucu tədbirlərə də mütləq riayət edilməlidir. Belə ki, maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək, kütləvilik olan yerdən uzaq durmaq məsləhətdir. Qarşıdan payız mövsümünün gəldiyini və digər yoluxucu xəstəliklərin artmasını nəzərə alsaq, indidən immun sisteminin gücləndirilməsi üçün vitaminli qidaların qəbuluna fikir vermək lazımdır. Vitamin D qəbulunu axsatmaq olmaz. Yenidən sərt karantin rejiminin olmaması üçün maksimum dərəcədə qoyulan qaydalara əməl edilməsi tövsiyə olunur. Pandemiyadan xilas olmağın yolu hər kəsin bir-birinə dəstəyindən keçir”.
Qeyd edək ki, hazırda ölkədə 9 118 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 348 074 nəfər COVID-19-a yoluxub, 333 913 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 043 təşkil edib. Həmçinin bu günə qədər vətəndaşlara 5 251 051 doza vurulub.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər