Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis olunan və bu il ilk dəfə ölkəmizdə təntənəli şəkildə, ümumxalq bayramı kimi qeyd ediləcək “Zəfər Günü” ərəfəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Hərbi dənizçilər Zəfər yolunda” adlı vətənpərvərlik tədbiri keçirilib.
Müdafiə Nazirliyindən “QİA.AZ“a verilən məlumata görə, əvvəlcə respublikamızın ərazi bütövlüyünün bərpa olunması və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət himni ifa olunub.
“Qələbə marş”ının sədaları altında səhnəyə çıxan layihə müəllifi və tədbirin aparıcısı polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını, Milli Məclisin deputatlarını, şəhid ailələrinin üzvlərini, müharibə iştirakçısı olan hərbi dənizçiləri Zəfər Günü münasibətilə təbrik etdikdən sonra Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan xüsusi təyinatlı şəhid hərbi dənizçilərin adlarını bir-bir çəkib:
– Kapitan-leytenant Fərrux Mirzəmməd oğlu Həşimov;
– Baş leytenant Elnur Elsevər oğlu Zeynalov;
– Baş miçman Mərdan Əhməd oğlu Mehdizadə;
– Miçman Vüsal Qüdrət oğlu Məmmədov;
– Miçman Fuad Taleh oğlu Nəcəfov;
– Miçman Elvin Ramiz oğlu Səfərov;
– Miçman Ruslan Rəcəb oğlu Rəcəbov;
– Gizir Zaur Mübariz oğlu Ələsgərli;
– Kiçik miçman Fəqan Amil oğlu Zalov;
– Aprel döyüşlərinin şəhidi miçman Rusif Ağayev.
Hər bir şəhidin adı çəkildikcə səhnədə məğrur-məğrur dayanan dəniz xüsusi təyinatlılarının mübariz döyüşçüləri “Mən” deyə cavab verib və tədbir iştirakçıları onları ayaqüstə alqışlayıblar.
Qeyd olunub ki, şəhidlər xalqımızın qızıl fondudur, onlar əbədiyyət yolçusudurlar. Şəhidlərimizin adları tarixdən heç vaxt silinməyəcək, qəhrəmanlıqları unudulmayacaq və onlardan hər biri gənc nəslin vətənpərvərlik tərbiyəsində örnək, nümunə olaraq, yolumuza nur çiləyəcəklər.
Şəhidlər dünən Zəfərə aparan yollarda bizimlə bir yerdə olduqları kimi bu gün də bizimlə bir sırada, gələcəkdə də bizimlə bir yerdə olacaqlar. Qədirbilən xalqımız və dövlətimiz onların xatirəsini həmişə əziz tutacaq.
Polkovnik A.Qurbani nəzərə çatdırıb ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri dənizdə respublikamızın maraqlarını təmin etməklə yanaşı, dövlətimizin Xəzəryanı regionda hərbi-coğrafi vəziyyəti ilə bağlı mühüm vəzifələri uğurla yerinə yetirir. Hərbi dənizçilərimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Onlar “Döyüşə hazırlıq” səviyyəsini daim artırır, Xəzər dənizinin Azərbaycan sektorunda əlverişli əməliyyat rejiminin saxlanılması üzrə qarşıya qoyulmuş vəzifələrin icrasını mütəmadi olaraq təkmilləşdirir, döyüş hazırlığının keyfiyyətini daha da artırır.
Təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın başladığı haqq savaşının – Vətən müharibəsinin ilik günündən digər qoşunlarla yanaşı Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti də bir nəfər kimi döyüşlərə hazır olduqlarını bildirib və hərbi əməliyyatlarda verilən tapşırıqları uğurla yerinə yetirərək göstərdikləri qəhrəmanlıq, şücaət, mərdlik və igidlik nümunələri ilə Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. Onlar bir daha sübut ediblər ki, Azərbaycanın hərbi dənizçiləri dənizdə olduğu kimi, quruda da mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə hər an hazır və qadirdirlər.
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov tədbir iştirakçılarını hərbi dənizçilər adından salamlayıb, şəhid valideynlərinə Vətənə layiqli mərd, igid, qorxmaz övladlar tərbiyə etdiklərinə və onlarla qürur duyduqlarına görə minnətdarlıq edib.
Komandan deyib: “2020-ci ilin 27 sentybar gününü bütün xalqımız, Azərbycan Ordusunun şəxsi heyəti kimi hərbi dənizçilərimiz də səbirsizliklə gözləyirdi və inanırdıq ki, Vətən müharibəsinin başlanacağı günə çox qalmayıb. Azərbaycan tərəfi dəfələrlə düşmənə mesajlar göndərərək danışıqlar yolu, sülh yolu ilə işğal etdiyi torpaqlardan çıxmasını tələb edib. Lakin düşmən məkrli və hiyləgər niyyətindən əl çəkmək əvəzinə, sentybarın 27-də yenə də beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdə respublikamızın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutub, nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olub. Bu hücumların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamağa məcbur olub.
Ali Baş Komandan cənab İlham Əliyev müharibə ərəfəsində dönə-dönə bizim işimizin haqq işi olduğunu qeyd edərək bəyan edirdi ki, biz heç kəsin torpağını işğal etməmişik. Heç kəsin də torpağında gözümüz yoxdur. Bizim ərazi bütövlüyümüz pozulubdur, torpaqlarımız işğal altındadır. Azərbaycan xalqı, Azərbaycan Ordusu hər an öz ərazi bütövlüyünü bərpa etmək üçün lazımi addımlar ata bilər. Bizim buna haqqımız çatır. Beynəlxalq hüquq normaları da bizə belə bir imkan yaradır.
Həmin gün Azərbaycan Prezidentinin xalqa müraciətini hərbi dənizçilərimiz cəbhə bölgəsində böyük diqqətlə izləyib və Ali Baş Komandanın “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini özlərinə şüar edərək döyüş meydanlarına atılıblar”.
İlk olaraq Hərbi Dəniz Qüvvələri Sualtı Hücum və Sualtı Müdafiə Xüsusi təyinatlı dəstəsinin döyüşən orduya qoşulduğunu vurğulayan kontr-admiral S.Bəkirov diqqətə çatdırıb ki, birinci xüsusi təyinatlı qrupumuz müharibənin ikinci günündə Goranboy rayonunda, əfsanəvi qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra isə hərbi dənizçilərimiz Füzuli-Cəbrayıl istiqamətində Zəfər yürüşünü davam etdiriblər. Onlar bir çox yaşayış məntəqəsini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərinə bayraq sancıb və azad edilən əraziləri aidiyyəti üzrə digər qoşunların bölmələrinə təhvil veriblər. Döyüş meydanında fərqləndiklərinə görə iki zabitimizə vaxtından əvvəl hərbi rütbə verilib.
Hərbi dənizçilərimizin – xüsusi təyinatlılarımızın böyük fədakarlığı nəticəsində Qubadlı rayonunun neçə-neçə kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib və polkovnik Zaur Quliyev Qubadlı şəhərinin azad olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edərək bildirib ki, Qubadlı şəhəri işğaldan azad olunub. Hal-hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır.
Dəniz xüsusi təyinatlıları Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonununun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərin azad edilməsi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstəriblər.
Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də dəniz piyadalarımız xüsusilə fərqləniblər.
Əlavə qüvvəyə ehtiyac yarandıqda HDQ döyüş gəmilərinin şəxsi heyəti bir nəfər kimi müharibəyə getməyə hazır olduğunu bildirib. Lakin onlardan yalnız lazım olan sayda hərbi dənizçi də cəbhəyə yola salınıb və onlar da ilk gündən qələbə zəmi, yüksək döyüş əhval-ruhiyyəsi ilə qarşıya qoyulan tapşırıqların icrasına nail olublar.
Daha sonra kontr-admiral bildirib ki, möhtəşəm Zəfərin qazanılması uğrunda şəhidlərimiz də olub. Xalqımız onları böyük izdihamın iştirakı ilə son mənzilə yola salıb. Hərbi dənizçilər heç vaxt ruhdan düşməyib. Onlar silahdaşlarının intiqamını döyüş meydanlarında alaraq şəhidlərin qanını yerdə qoymayıblar.
Müharibədən sonra hərbi dənizçilərimizdən polkovnik Zaur Quliyev, Xaliq İbrahimov və kiçik miçman Fəqan Zalova (ölümündən sonra) Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Şəhid olan 9 nəfər hərbi dənizçi isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ərazilərimizin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə təltif olunan hərbi qulluqçuların sırasında “Qarabağ” ordeninə layiq görülüb və bir çox döyüş medalları ilə təltif olunublar. Vətən müharibəsi iştirakçısı olan hər bir hərbi dəniz xüsusi təyinatlısının xidməti Azərbaycan Prezidenti və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Milli Məclisin deputatları Aydın Mirzəzadə və Səbinə Xasayeva çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin qazandığı möhtəşəm Qələbəni xalqımızın və dövlətimizin ən böyük uğuru kimi qiymətləndiriblər.
Millət vəkilləri iftixar hissi ilə qeyd ediblər ki, bu Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun zabit və əsgərlərinin fədakarlığının, döyüş ruhunun, yüksək səviyyədə olan mənəvi-psixoloji hazırlığının, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin, həmçinin dövlətimizin başçısının qətiyyətinin, hücum diplomatiyasının, sərkərdə məharətinin, əlbəttə, ilk növbədə, dəmir yumruğunun qələbəsi kimi Azərbaycan tarixinə yazılıb.
Şəhid valideynlərinin çıxışları və onların qürurla “Vətən sağ olsun!” deyərək övladları ilə fəxr etdiklərini dilə gətirməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Xaliq İbrahimov döyüş xatirələrini danışıb və dəniz xüsusi təyinatlılarının bu gün də Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan edib.
Şəhidlərin xatirəsinə və qalib Azərbaycan əsgərinin xalqımıza bəxş etdiyi Qələbə sevincinə, Zəfər Gününə həsr edilən ədəbi-musiqili proqram tədbir iştirakçılarına duyğulu anlar yaşatsa da, möhtəşəm Qələbənin tərənnümü onlara xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.