27 avqust 2021-ci il tarixdə Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həziyev Çingiz Ramin oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı barədə cinayət işi başlanıb.
Bu barədə QİA.AZ-a Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, intiharla bağlı Ağdam hərbi prokurorluğuna məlumat daxil olmuşdur.
Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.