Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və “ProDemos – Xalq üçün”ün birgə təşkilatçılığı ilə həyata keçirilən “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi keçirilib.
QİA.az xəbər verir ki, ADA Universitetində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin layihələr üzrə meneceri Ülkər Suleymanova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov, ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə və “ProDemos-Xalq üçün”ün rəhbəri Səbinə Zülfiyeva çıxış ediblər.
Qeyd edək ki, “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən dairəsi qanunverciliklə müəyyən edilmiş həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarətdir.
Layihə çərçivəsində iştirakçılara Vəkillər Kollegiyası üzvlərinin təqdimatında 1 aylıq təlimlər keçiriləcək və imtahandan uğurla keçmiş iştirakçılar 2 ay müddətində həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsində iştirak edəcəklər.