Rusiya sərbəst güləşçisi Hacımurad Rəşidov Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda Azərbaycan təmsilçisi Hacı Əliyevlə 1/8 final görüşündə aldığı zədəni sağaldır.
“QİA.AZ”ın məlumatına görə, bu barədə 65 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı dünya çempionu “wrestdag”a müsahibəsində açıqlama verib.
Rəşidov hazırda həkim nəzarətində olduğunu və bu ay məşqlərə başlaya biləcəyini söyləyib: “Həkimlər diz qapağında problem aşkarlandığını, amma əməliyyata ehtiyac olmadığını söylədilər. Görüş vaxtı çiyinlərimdən sanki bir dağ düşdü, ən pisini gözləyirdim. Özüm ayağa qalxa bilmədim, diz qapağım qopdu və dərhal yerinə yerləşdirildi. Üç gün ağrıkəsici iynələr vuruldu. Daha sonra yaxşılaşdım və sərbəst hərəkət edə bildim”.
Dağıstanlı güləşçi azərbaycanlı rəqibinin onu bilərəkdən zədələmədiyini sözlərinə əlavə edib: “Heç kim nələrin olacağını bilmir. Ümumiyyətlə, bu vəziyyətdə özümü müdafiə etməyi bacarıram. Həmin an mən artıq ayağımı buraxırdım, amma Hacı Əliyev dabanımdan tutub çiynini ayağıma basdı. Amma qəsdən hərəkət etdiyini düşünmürəm. Heç bir qayda pozuntusu olmadı. Belə bir vəziyyətdə mən onun yerində ola bilərdim, o da mənim yerimdə”.
Rəşidov “Sizin üçün erməni idmançısı Vazgen Tevanyanın çempion olması gözlənilməz idi? Digər əsas rəqibləriniz niyə qalib ola bilmədi” sualına belə cavab verib: “Hacı Əliyevin Qırğızıstandan olan rəqibini çətinliklə məğlub etdiyi ikinci döyüşündən sonra qalib gəlməyəcəyini anladım. Onun qabırğası zədələndiyi deyilir. Nə olsun? Ötənilki dünya çempionatında bütün döyüşləri qabırğam sınıq vəziyyətdə keçirdim və bütün görüşlərdə qələbə qazandım”.
Qeyd edək ki, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Dünya Kubokunda bürünc medal qazanıb.