Bu gün xalqımız zəfər çalmış, qələbə qazanmış bir xalq kimi məğrurdur. 44 günlük çətin və şərəfli bir yolda bütün Azərbaycan – həm iqtidarı, həm müxalifəti birlik göstərdilər Vətən naminə!
Müstəqil və sivil bir dövlətin daxilində hakim partiyadan əlavə həm müxalifət, həm də iqtidaryönümlü partiyalar fəaliyyət göstərir. O cümlədən, Azərbaycan dövlətində də mövcud olan partiyalar lazım gəldiyi anda birləşərək dövlət üçün vahid fikirdə ola bilirlər. Bu da hakim partiyanın ədalətli və qəbul etdiyi siyasi qərarların qətiliyindən xəbər verir.
44 günlük Vətən müharibəsində də bu milli birlik modeli müvəffəqiyyətlə həyata keçirildi. Bu həmrəylik 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi ilə nəticələndi. 6 siyasi partiyanın hakim partiyaya inteqrasiyasi yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. YAP və 6 siyasi partiyanın –Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyasının milli birliyə xidmət edən vahid partiyada birləşmək qərarı Azərbaycanın ictimai-siyasi həyatında tamamilə yeni bir sistemin işə düşməsi hesab oluna bilər. Bu atılan addım eyni zamanda ölkədəki dialoq mühitinin formalaşmasına da kömək edərək demokratik ənənələrin möhkəmlənməsi prinsipinə əsaslanacaqdır. YAP bu birliyin nəticəsində daha da qüvvətlənərək həm sağlam rəqabətə, həm də iqtidara qarşı olan inamın artmasına imkan yaradacaqdır.
Siyasi partiyaların YAP-a qoşulmaq arzusu hakim partiyanın “İqtidar-Xalq” prinsipinin ən real göstəricisidir. Bununla da, YAP sübut edir ki, milli həmrəylik bütün qüvvələrdən üstündür. Əgər milli həmrəylikdən söhbət gedirsə, bu, yalnız iqtidar partiyalarla yox, həm də müxalif partiyalarla da dialoq qurulması hesab olunmalıdır. Yəni, “Külüngü bir nöqtəyə vurmaq” prinsipi əsas götürülməlidir. O zaman düşmən susdurularaq yerində oturdula bilərdi və susduruldu da..!
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı da məhz bu fikrə əsaslanırdı. 6 siyasi paritya da ölkə liderinin səsinə səs verərək bu çağırışa qoşuldu. Digər partiyalarin əksəriyyəti də -dövlətçilik, xalq və milli birlik məsələlərilə bağlı çıxış edərək eyni mövqedə dururlar. Hakim partiyanın ətrafında sıx birləşmək ölkənin yeni siyasi sisteminin formalaşması prosesinin, yaxın gələcək üçün dövlətin daha da demokratikləşməsinin göstəricisidir.
Tarixə nəzər salsaq, görərik ki, müxtəlif məqamlarda müxalif partiyalar birləşmək əvəzinə, hətta özləri bir neçə yerə parçalanıblar. Bu isə nə həmin partiyaya, nə də xalqa xeyir verə bilər. Əksinə, zəif partiyaların birləşərək öz güclərini artırması təqdirəlayiq bir haldır.
Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalar öz siyasi proqramlarında əsas məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını, milli həmrəylik xəttini əsas tutur. Eyni hədəf, eyni məqsədlər uğrunda mübarizə aparan təşkilatların vahid partiyada fəaliyyət göstərməsi normal haldır və bu xətt üzrə inkişaf daim getməlidir.
Nəsrullayeva Elnarə
Bakı şəhəri, 210 № li tam orta məktəbin müəllimi