Ermənistan Cənubi Qafqaz regionunda sabitliyə əsas təhdid olaraq qalmaqda davam edir. Üstəlik, son dövrlərdə Ermənistanın xarici havadarları da İrəvanın dəyirmanına fəal şəkildə su tökməklə ölkə daxilində baş qaldıran revanşist qüvvələri dəstəkləyirlər. Belə olan halda isə sözügedən qüvvələr xəyallara qapılaraq revanş arzusuna düşürlər… Ermənistanın arzularının onu uçuruma aparacağı şübhə doğurmur, ancaq indiki halda görünən odur ki, bu nə İrəvanın, nə də onun xarici havadarlarının vecinə deyil. Görünür İrəvanda oturub revanş arzusuna düşənlər tarixdən nəticə çıxara bilmirlər.
Avropa İttifaqının “Avropa Sülh Fondu” tərəfindən Ermənistana 10 milyon avro həcmində hərbi yardım ayrılması da bir daha təsdiqləyir ki, xarici havadarları İrəvanın destruktiv fəaliyyətinə məqsədli şəkildə dəstək verirlər. Çox yox cəmi bir neçə il öncə rüsvayçı məğlubiyyətə düçar olan, ordusu döyüş meydanından qaçış üzrə rekordlar qıran kapitulyant ölkənin bu gün havadarları sayəsində baş qaldırmaq cəhdləri əbəs olsa da, diqqətdən kənar qalmamalıdır. Tarixən başqalarının əlaltısı olmaqla nəyəsə nail olmağa çalışan ermənilər, bu gün iplərini bir deyil, bir neçə ağanın əlinə təslim ediblər. Bütün bunların kökündə isə revanşist xülyaların dayanması aşkardır. Fransadan, Hindistandan öz ordusuna ölümcül hücum silahları alan, bu gün Aİ tərəfindən qızışdırılan Ermənistan yaxın tarixdə Azərbaycanın yaratdığı yeni reallıqları inkar etmək axmaqlığına qapılır.
Unutmaq olmaz ki, 44 gündə erməni ordusunu darmadağın edən Azərbaycan regionda mütləq söz sahibi olmasına baxmayaraq, İrəvana sülh fürsəti verdi.
Bu istiqamətdə müəyyən addımlar atılsa da, bu gün Ermənistan öz boyundan çox yüksəyə tullanmağa cəhd edir. Havadarları tərəfindən qızışdırılan Ermənistan sülh şərtlərini yerinə yetirməmək üçün prosesi mümkün qədər yubatmağa, birbaşa təmasları minimuma endirməyə çalışır.
Üstəlik, Ermənistanda separatçıların da fəaliyyətində müəyyən canlanma müşahidə olunur. Erməni revanşistlər separatçılarla əlbir hərəkət edir və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər. Belə şəraitdə isə İrəvanın öz konstitusiyasında ölkəmizə qarşı təcavüzkar yanaşmadan imtina etməsi real görünmür.
Hadisələrin gedişatı göstərir ki, ipi öz əlində olmayan Ermənistan onsuzda Azərbaycan Ordusunun dəmir yumruğu hesabına yaratdığı reallıqları acizliklə qəbul etdiyi üçün bu gün Qərbin timsalında düçar olduğu rüsvayçı vəziyyətindən “xilas olmağa” çalışır. Sülh prosesi və sülhün regionumuza bəxş edə biləcəyi üstünlüklər hazırda Ermənistan üçün cəlbedici görünmür və bu ölkə sahibi tərəfindən hücum komandası almış quduz köpək kimi dişlərini qıcayıb fürsət güdür.
Ancaq revanşist qüvvələrin unutduğu bir reallıq var ki, bu reallıq Ermənistanın riyakar planlarının qarşısında keçilməz sədd yaradıb. Bu reallıq Azərbaycan dövlətinin qüdrəti və rəşadətli Azərbaycan Ordusunun əzəmətidir.
Elə bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanat da revanşistlərin qulağına sırğa olmalı, onların yuxusunu ərşə çəkməlidir.
Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatının qarşısını almaq, adekvat cavab tədbirləri ilə baş qaldırmağa cəhd göstərən qüvvələri darmadağın etmək gücündədir. Ermənistanın yaratdığı mifləri, 30 ilə yaxın bir müddətdə formalaşdırdığı ordunu, qurduğu istehkamları, müdafiə xətlərini 44 gündə darmadağın edən Azərbaycan Ordusu üçün növbəti belə tapşırıq bir o qədər də çətin sayılmayacaq. Çünki aradan keçən 4 ilə yaxın müddətdə Azərbaycan Ordusu daha da gücləndiyi halda, erməni revanşistlər havadarlarının silahları hesabına nəyəsə nail olmağa ümid edirlər. Ancaq düşünmürlər ki, yüzlərlə milyon dollarlıq hərbi texnikaları təkcə ordumuzun arsenalında olan “Bayraktar”lar tərəfindən dəmir yığınına çevrilən Ermənistan eyni aqibəti, hətta daha ağırını döyüş meydanında yenidən yaşaya bilər. Əgər havadarlarının dəstəyi Ermənistanı bu qədər cürətləndirirsə, xatırlatmaq lazımdır ki, ağalarının peşkəş çəkdiyi silahlar “Bayraktar”ın darmadığın etdiyi texnikaların kiçik bir hissəsinə bərabər ola bilər. Bu isə darmadağın edilmiş bir ordunun Müzəffər Azərbaycan Ordusu qarşısında xülyalara qapılmasını onun üçün ölümcül təhlükəyə çevirir. Əgər Ermənistan bu reallığı dərk etmirsə, o zaman Müdafiə Nazirliyinin bəyan etdiyi kimi Azərbaycan Ordusu arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Ermənistan bu gün odla oynayırsa, o zaman İrəvandakı panteonu genişləndirməyi, orada növbəti şamları da yandırmağı gözə alır deməkdir…