Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü – FOTO

“Mən bu sənətə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burada 40 manat maaş almışam. Sonra olub 60, 70 və yavaş-yavaş qalxıb… Yəni bura varlanmaq üçün gəlməmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr mənim üçün dənizdir və özümü bu dənizdə balıq kimi hiss edirəm”.

Akademik Milli Dram Teatrın tanınmış aktyoru Kamal Xudaverdiyevi doğum günü – 3 may ərəfəsində xatırlamaq istəyəndə yadıma vaxtilə onunla müsahibədə dediyi bu sözlər düşdü. Bu sözlər mərhum aktyorun sənətə də, həyata da baxışlarını dolğun əks etdirir. 

Yadımdadır, mənimlə son müsahibəsində 13 yaşından əmək fəaliyyətinə başlamasından, 10 il xam torpaqlarda fəhlə işləməsindən, teatra uşaqlıq sevgisindən, əlindəki son qəpiyini teatr biletlərinə xərcləməsindən, səhnədə korifeyləri görməsindən və onlara baxıb aktyor olmaq arzusundan, nəhayət, ömrünü sənətə həsr etməsindən danışmışdı. Sonra köks ötürərək bir az dəyişən zəmanədən şikayətlənmişdi. Bulvarda tənha gəzməyi, özü ilə baş-başa qalmağı xoşladığını, bir də yazın gəlişini və açan sarı çiçəkləri sevməsini demişdi… 

Sənət dostları da onu mərd, bütöv və sədaqətli insan kimi xatırlayırlar.

Sənət dostları K.Xudaverdiyev barədə xatirələrini “Kaspi” qəzeti ilə bölüşüblər.

Teatrda çox gözəl və yaddaqalan obrazlar yaratdı

Xalq artisti Mərahim Fərzəlibəyov bildirdi ki, Kamal özündən sonra nəinki obrazları ilə, həmçinin yaxşı insan kimi xatırlanır: “Çünki o həmişə öz aktyorları ilə, xüsusən gənclərlə ünsiyyət qurmağı çox sevər və onlara dəstək göstərərdi. Onunla işbirliyim ilk dəfə “Xurşudbanu Natəvan” tamaşasında oldu. Ona Hidayət xan obrazını verdim. Daha sonra Nəriman Həsənzadənin “Atabəylər” əsəri əsasında hazırladığım tamaşada Qızıl Arslan Atabəy rolunu məhz onun oynamasını istədim. Əsər yazılanda da biz onun aktyor imkanlarını nəzərə alaraq böyük monoloqlara yer verdik. Demək olar ki, əsər müəllif və mən tərəfdən Kamal Xudaverdiyevə həsr olundu. Ondan sonra da “Maqbet” və bir sıra başqa tamaşamda rol aldı. Kamal teatrda çox gözəl və yaddaqalan obrazlar yaratdı. Tamaşaçılar indi də həmin rolları məhəbbətlə xatırlayırlar”.   

Heç kimin qarşısında əyilmədi

“Kamal orijinal, heç kimə bənzəməyən aktyor idi”, – deyə Xalq artisti Səidə Quliyeva xatırlayır: “Onun öz yolu, cığırı, tembri və aktyor oyunu vardı. Mən bu aktyoru çox sevirdim. Onunla tərəf-müqabil olanda da “səhnədə Kamalla oynayıram”, – deyə özümə çox arxayın olurdum”. S.Quliyeva deyir ki, əsl Azərbaycan kişisinə məxsus bütün xüsusiyyətlər Kamal Xudaverdiyevdə olub: “Elə insanlar var ki, onların şəxsi həyatları yaradıcılıqları ilə üst-üstə gələndə böyük önəm təşkil edir. Kamalın şəxsi xarakterindəki ağayanalıq, kişilərə məxsus boy-buxun onun aktyor oyununa da yaxşı mənada təsir edirdi. Oynadığı obrazlar tamaşaçının yaddaşında qalırdı. Əsl Azərbaycan kişisinə məxsus bütün xüsusiyyətlər Kamalda vardı. Bütöv insan idi Kamal. Onun ikinci planı çox zəif idi: bir insan haqqında nə düşünürdüsə “pissən, ya yaxşısan” sözlərini onun üzünə deyirdi. Kamal ömrünün sonuna qədər belə yaşadı. Heç kimin qarşısında əyilmədi, heç kimə yaltaqlanmadı. Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü. Mən Kamalı bu xüsusiyyətlərinə görə çox sevirdim. Bizim nəslin nümayəndələri Kamalı çox yaxşı xatırlayırlar”. S.Quliyeva deyir ki, mərhum aktyorla birlikdə institutda da pedaqoji fəaliyyət göstərib: “Kamal kursun rəhbəri, mən müəllimi idim. İstər səhnədə, istərsə də institutda birlikdə o qədər iş təcrübəmiz olub ki… Mən onun iş prosesindən həmişə öyrənmişəm və zövq almışam”. 

Bir dubla çəkilənlər

Kamal Xudaverdiyevlə “Nəsimi” filmində Fatima rolunu oynayan aktrisa Xalidə Quliyeva yaddaşını vərəqləyir: “Kamal Xudaverdiyevi böyük sənətkar adlandırsam azdır, o, həmçinin gözəl insan idi. O, böyük hərflərlə yazılan AKTYOR idi. Bu hər adama nəsib olan xüsusiyyət deyil. O, xarizmatik, qürurlu, ləyaqətli, işinə, peşəsinə son dərəcə məsuliyyətlə yanaşan insan idi. “Nəsimi” filminin çəkilişlərində mən onun bu məsuliyyətinin şahidi oldum. Aktyorlar var ki, çəkiliş meydanına bir neçə dəqiqə qalmış gəlirlər, amma o bir ay qabaqdan gəlib ölçüb-biçirdi. Filmdə Yusif rolunu oynayırdı. Rejissor Həsən Seyidbəyli onu bir dubla çəkirdi. Həmin kadrların təkrar çəkilməyə ehtiyacı olmurdu. Ümumiyyətlə, o filmdəki aktyorlar hamısı bir dubla çəkilirdi. Mənim onda 20 yaşım vardı. Kamal Xudaverdiyevdən və digər böyük aktyorlardan öyrənirdim”. Aktrisa danışır ki, Kamal Xudaverdiyevin həyatda başına çox işlər gəlsə də, o, öz qürurunu qorumağı bacarıb: “Onu sındırmağa, alçaltmağa çalışdılar. Ona qarşı haqsızlıqlar çox oldu, amma dözdü. O, həmişə dalğın, düşüncəli, az danışan idi, içinə qapanmışdı…”.

“Onun gözlərinə baxa bilmirdim”

“Bir dəfə Vilayət Hacıyev onun haqqında dedi ki, Kamal teatrın sarı simidir”, – deyə Əməkdar artist Hicran Nəsirova danışır: “Tamaşalarda onun xanımını da, qızını da, gəlinini də, sevgilisini də oynamışam. Çox duyğulu, ağır təbiətli, sanballı adam idi. Aktyor kimi onunla oynamaq rahatlıq idi. Məşqlərdə əvvəlcə ondan çəkinirdin, get-gedə çox rahat işləyirdin. O, tərəf-müqabilini başa düşürdü. Kral Liri oynayanda onun gözlərinə baxa bilmirdim. Rolda onun üstünə getdiyim üçün qəddar olmalıydım. Amma gözünə baxsaydım, özümü ağlamaq tutardı. Çox həssas aktyor idi. Çox heyf ki, bu cür aktyorlarımız və tərəf-müqabillərimiz həyatdan gedir. Fəxr edirəm ki, Kamal Xudaverdiyevlə bir teatrda işlədim, tərəf-müqabil oldum”.

Oxşar Xəbərlər