Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilmişdi. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Küləyin sürəti qadağanedici həddə olmayıb.
Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev bu gün “Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.
“Ona görə də helikopterin marşrut üzrə hərəkətində qanun pozuntusu olmayıb. Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatı hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı, qəza olmayacaqdı”, – deyə istintaq qrupunun rəhbəri bildirib.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, iki hərbçimiz isə yaralanıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ) və digər maddələri ilə cinayət işi başlanıb.