Helsinki Azərbaycan Evində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Finlandiyada fəaliyyət göstərən “Azər-Türk” Gənclər təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi və Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Ulu Öndərin güclü iradəsindən, vətənə bağlılığından bəhs edilib, uzaqgörən və məqsədyönlü fəaliyyətinin mərkəzində daim ölkəmizin maraqlarının olduğu diqqətə çatdırılıb.
Helsinki Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəbində şagirdlərə və Azərbaycan evinin qonaqlarına Heydər Əliyev haqqında yazılmış kitablar hədiyyə edilib.
Qeyd edək ki, 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində də Helsinki Azərbaycan Evində Ümummilli Liderin 100 illiyi münasibətilə tədbir təşkil olunub.