Hesablama Palatası ilin altı ayı üzrə hesabat hazırlayıb

Azərbaycan Respublikası Hesablama Palatası 2021-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumat yayıb.

QİA.AZ palataya istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumat” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və hesabatlılıq və şəffaflığın yüksəldilməsi, beynəlxalq standartlara uyğun öz fəaliyyəti ilə bağlı hesabatvermə funksiyalarının icrası məqsədini daşıyır.

Hesabat dövründə Hesablama Palatası fəaliyyətini qanunvericiliyin tələbləri və 2021-ci il üçün İş Planı əsasında həyata keçirmişdir.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, hesabat dövründə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi” Azərbaycan Respublikasının Milli Məclisinə və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyi” isə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Müşahidə Şurasına göndərilməsi üçün Azərbaycan Respublikasının Dövlət Neft Fonduna hazırlanaraq təqdim edilmişdir. Beynəlxalq təcrübəyə uyğun olaraq Hesablama Palatası 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı rəy üzrə xülasə tərtib etmişdir. Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsinin icrasının təhlili barədə illik məlumat hazırlanaraq müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuşdur. İllik fəaliyyət haqqında hesabat, müvafiq rəylər və xülasə tam həcmdə Hesablama Palatasının rəsmi internet səhifəsində yerləşdirilmişdir.

2021-ci ilin İş Planına əsasən hesabat ilinin ilk altı ayında Hesablama Palatasının Kollegiyası tərəfindən 28 auditin, o cümlədən 7 maliyyə, 2 səmərəlilik (performans), 19 uyğunluq auditinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş,11 auditin (8-i uyğunluq və 3-ü maliyyə auditi olmaqla) nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilmişdir. Hesablama Palatası tərəfindən “COVİD-19” pandemiyası ilə mübarizəyə yönəldilən dövlət vəsaitləri üzrə aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri (bundan sonra-nəzarət tədbirləri) başa çatdırılmaq üzrədir və nəticələrin rəsmiləşdirilməsi hesabat ilinin 3-cü rübündə həyata keçiriləcəkdir.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin maliyyə əməliyyatları və hesabatlarına dair aparılmış maliyyə auditləri üzrə tərtib edilmiş auditor hesabatlarında müsbət rəy təqdim edilmişdir.

Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilmiş və təsnifləşdirilmişdir. Müsbət dəyişikliklər olsa da, aşkar edilmiş nöqsanlar arasında, əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı yüksək olmuşdur.

Büdcə qanunvericiliyinin tələblərinə riayət edilməməsi və dövlət vəsaitlərinin istifadəsi ilə bağlı nöqsanlar üzrə nəzarət obyektləri tərəfindən icra prosesində vəsaitlərin təyinatının yenidən müəyyən edilməsi, bəzi xərc istiqamətləri üzrə (xüsusilə investisiya xərcləri) vəsaitlərin icra səviyyəsinin aşağı olması, tələbatın düzgün müəyyən edilməməsi səbəbindən dövlət əmlakının və alınmış mal-materialların istifadəsiz qalması ilə səmərəsiz xərclərə yol verilməsi faktları müəyyən olunmuşdur. Bununla yanaşı, qurumlar tərəfindən müxtəlif növ tədbirlər üzrə qüvvədə olan normativlərə əməl olunmaması nəticəsində artıq xərclərin yarandığı, qeyri-büdcə gəlirləri üzrə potensialın reallaşdırılması üçün zəruri tədbirlərin görülməməsinin dövlət büdcəsindən əlavə vəsaitlərə tələbata və istifadəyə yol açdığı, bəzi hallarda qurumun vəzifə və funksiyalarına aid olduğu halda, bu işlərin yerinə yetirilməsi üçün kənar təşkilatlarla müxtəlif satınalma müqavilələrin bağlanılması və icra olunması hallarına rast gəlinmişdir.

Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinin təhlili göstərir ki, satınalma prosesinin elektronlaşması satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edilməsinə və dövlət satınalmalarında iştirak edən iddiaçıların sayının artması ilə rəqabət mühitinin genişlənməsinə xidmət etməklə yanaşı, bəzi hallarda öhdəlikləri yerinə yetirmək imkanları qənaətbəxş olmayan iddiaçıların satınalmalarda qalib olması riskini də formalaşdırır. Bu isə, dövlət satınalmaları üzrə müəyyən ləngimələrin olması, təqdim edilən malların (işlər və xidmətlərin) keyfiyyətinin qənaətbəxş olmaması, bəzi hallarda isə qalib iddiaçının ümumiyyətlə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsindən imtinası ilə bağlı risklərə yol açır.

Eyni zamanda, satınalmalar sahəsində qiymət artımının təsiri ilə bağlı risklər hələ də qalmaqdadır. Məlumatların təhlili bu məsələnin xüsusilə tikinti sahəsi üzrə aktual olduğunu göstərir. Tikinti materiallarının istehsalı üzrə qiymət indeksi son 3 il ərzində (2018 – 12%, 2019 – 17,8%, 2020 – 18,5%, mənbə: Dövlət Statistika Komitəsi) hər il orta hesabla 16% artmışdır. Tikinti materiallarının qiymətinin yüksəlməsi müqavilələrin icra edilməsində və dövlət investisiyalarının son nəticəyə təsiri ilə bağlı risklər yaradır.

Son illərdə müxtəlif sahələrdə rəqəmsallaşma meyillərinin yüksəlməsi müxtəlif növ proqram təminatı və onlara xidmət edilməsi ilə bağlı xərclərin əhəmiyyətli artımını şərtləndirmişdir. Hesablama Palatasının həyata keçirdiyi auditlərlə bu sahədə bir sıra nöqsanlar, o cümlədən proqram təminatının hazırlanması zamanı texniki tapşırıq üzrə tələblərin düzgün müəyyən edilməməsi, müqavilə üzrə proqram təminatında göstərilmiş işlərin tam yerinə yetirilməməsi, müqavilə qiymətini müəyyən edən əsasların zəif olması halları müəyyən edilmişdir.

Eyni zamanda, məlumatların təhlili dövlət maliyyəsinin bir sıra sahələrində əvvəlki illərə nisbətən müsbət dəyişikliklərin olduğunu da göstərir. Belə ki, dövlət satınalmaları sahəsində ehtimal olunan qiymətlərin hesablanılması zamanı satınalan təşkilatların “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”na riayət etməsinin dövlət resurslarının qənaətli istifadəsinə şərait yaratdığı, həmçinin müvafiq mallar (işlər və xidmətlər) üzrə ehtimal olunan qiymətlərin bazar dəyərinə uyğunlaşma meyillərinin olduğu müəyyən edilmişdir. Eləcə də, aparılmış nəzarət tədbirləri daha çox iddiaçının iştirak etdiyi satınalmaların sayının artdığını deməyə əsas verir. Son 2 il ərzində ölkədə e-satınalma modelinin tətbiq edilməsi keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edilməsini, rəqabətli satınalma metodlarının tətbiqini, satınalmalarda iştirak edən iddiaçıların sayının artmasını şərtləndirməklə son nəticədə dövlət satınalmaları sahəsində dövlət vəsaitinin səmərəli və qənaətli şəkildə istifadəsi üçün müsbət meyillərin müşahidə olunmasına dəstək verməkdədir.

Hesabat dövründə həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinin təhlili göstərir ki, əvvəlki illərdə Hesablama Palatasının nəzarət obyekti olmuş qurumların maliyyə-təsərrüfat fəaliyyətində Hesablama Palatasının tövsiyələrinin nəzərə alınması ilə bir sıra sahələr üzrə müsbət meyillər müşahidə olunmaqdadır.

Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 11 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilmiş, hər tədbirlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.

2021-ci ilin İş Planına əsasən hesabat dövründə keçirilmiş və nəticələri rəsmiləşdirilmiş nəzarət tədbirləri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiyası tərəfindən ümumilikdə 15,1 mln. manatı əhatə edən maliyyə pozuntularına dair müvafiq tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edilmişdir.

Hesablama Palatasının 2021-ci ilin ilk 6 ayında və əvvəlki illərdə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə ümumilikdə 12,4 mln. manat, o cümlədən pul ifadəsində 10,3 mln. manat, natura ifadəsində isə 2,1 mln. manat dövlət vəsaitinin bərpası təmin edilmişdir.

Bununla yanaşı, auditlərin nəticəsi olaraq müəyyən edilmiş vəsaitlərin təyinatının dəyişdirilməsi, maliyyə hesabatlarında təhriflərə yol verilməsi, vəsaitlərin akkreditiv hesablara köçürülməsi, vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması və istifadəsi ilə bağlı hesabatlılığın olmaması, gəlir vergisi və digər məcburi ödənişlərin tutulmaması, bəzi xərclərin dövlət satınalmalarına cəlb edilməməsi, vəsaitlərin depozit və tapşırıqlar hesablarından icrasının ilin sonuna qalıq vəsaitin geri qaytarılmaması risklərini formalaşdırması, ştat sayının optimallaşdırılmasının zəruriliyi barədə, aşkar edilmiş digər nöqsan və çatışmazlıqlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün 10 halda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də 1 halda yuxarı icra hakimiyyəti orqanına məlumat verilmişdir.

Nəzarət tədbirinin nəticəsi üzrə 2 halda materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Hesabat dövründə Hesablama Palatasının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilmişdir. Belə ki, Hesablama Palatasının yeni 2021-2025-ci illər üzrə Strateji Planının icrası məqsədilə Strateji Planda nəzərdə tutulmuş 9 aralıq nəticə üçün Əməliyyat (Fəaliyyət) Planı tərtib olunmuş, burada fəaliyyət istiqamətləri üzrə zəif bəndlərin aradan qaldırılması və potensial boşluqların örtülməsi, fəaliyyətin müxtəlif istiqamətlər (institusional, təşkilati və peşəkar) üzrə gücləndirilməsi üçün tədbirlər yer almışdır.

Qarşıya qoyulmuş vəzifələrin daha keyfiyyətli və beynəlxalq standartlara uyğun şəkildə yerinə yetirilməsi məqsədilə mövcud kadr potensialının daha da gücləndirilməsi, yeni əməkdaşlar tərəfindən beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsinə imkan yaradan çoxsaylı təlimlər keçirilmişdir.

Hesablama Palatasının fəaliyyətinin yeni çağırışlara daha sürətlə uyğunlaşdırılması məqsədilə bir sıra təşkilati tədbirlər həyata keçirilmiş, metodiki sənədlərin hazırlanması və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir.

Hesablama Palatası, əvvəlki illərdə olduğu kimi, bu ildə də hesabatlılığın təmin olunmasına xüsusi diqqət ayırmış, başa çatmış bir sıra auditlər barədə auditor hesabatları “Dövlət auditi” rüblük rəsmi məlumat bülletenində dərc edilmişdir.

Oxşar Xəbərlər