“Azərbaycan xalqının böyük oğlu Ümummilli Lider Heydər Əliyev sanki ölkəmizin yaşadığı bu tarixi günləri görərək demişdir: “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Artıq, əminliklə vurğulamaq olar ki, dahi şəxsiyyətin ruhu şaddır, çünki onun arzusu həqiqətə çevrilmişdir. Bütün həyatını canından çox sevdiyi vətəni Azərbaycana həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi xalqımız üçün şərəfli və tarixi bir dövrə təsadüf edir”.
Bu fikirləri “QİA.az”a “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
Heydər Əliyev 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra fəaliyyətini bütün ruhu və varlığı ilə Azərbaycanın rifahı və inkişafı naminə daha intensiv şəkildə həyata keçirməyə başladı. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan SSSR-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Ölkədə bütün sahələr diqqət mərkəzində saxlanılırdı. Sənaye, kənd təsərrüfatı, şəhərsalmanın inkişafı ilə yanaşı Ulu Öndər mədəniyyət sahəsini də diqqətdə saxlayırdı. Kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Heydər Əliyev Azərbaycan xalqının milli özünüdərk və tarixi yaddaşının qorunması yolunda əzmlə çalışırdı. Hələ o zaman, müstəqil Azərbaycanın konturlarını cızarkən, Azərbaycan gənclərinin hərb sahəsində peşəkar kadr kimi yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının təşəbbüskarı olmuşdur. Həmin gənclər daha sonra Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın ordu quruculuğunda mühüm rol oynamışdır.
Ümummilli Lider Moskvada yüksək vəzifələrdə çalışarkən vətəni Azərbaycanı unutmurdu. Dünyanın ən böyük ölkəsinin rəhbərlərindən biri olduğu dövrdə belə Heydər Əliyev azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirirdi.Və nəhayət, 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ulu Öndər banisi olduğu azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin təməl prinsipinə çevirdi. Ömürboyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq vahid ideologiya ətrafında birləşdirdi.
Bu gün cənab Prezident İlham Əliyev Ümummili Liderin ideyalarına sadiq qalaraq və azərbaycançılıq məfkurəsini rəhbər tutaraq ölkəmizin müstəqilliyinin əbədi olması uğrunda əzmlə çalışır. Ötən il müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixi qələbə qazandı. Otuz il davam edən həsrətdən sonra rəşadətli Azərbaycan ordusu işğal altında olan torpaqları düşmən tapdağından 44 gün davam edən Vətən Müharibəsində azad etdi. Bu misilsiz tarixi zəfər Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi, xalq-ordu birliyi, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların vahid amal uğrunda çalışması nəticəsində əldə edildi.
Əzəli torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Vətənpərvər gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Qeyd etmək yerinə düşər ki, gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sadiq yetişdirilməsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti müstəsna əhəmiyyətə malikdir. Vətən müharibəsi Ümummilli Liderin siyasətinin ardıcıl davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini sübut etdi. Müharibədə əldə etdiyimiz tarixi qələbə birmənalı olaraq Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici və daxili siyasətin, o cümlədən dövlət gənclər siyasətinin təntənəsidir.
Qısası Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan gəncləri bütün dünyada öz sözünü deməyi bacardı. Ulu Öndərin yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, perspektiv vəd edən dönəmini yaşamağa başladı. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan gəncləri ölkə başçısının ətrafında sıx birləşərək, Ümummilli Liderin əsasını qoyduğu uğurlu siyasətə dəstək nümayiş etdirirlər.