Heydər Əliyev Fondu qazi ailəsinə ərzaq yardımı, ƏƏSMN dəstək verib

Vətən müharibəsində yaralanmış Mirzəliyev Roman Aleksandr oğlunun əlilliklə bağlı sənədləşmə işləri başa çatandan sonra ona əlillik təyin olunacaq, hər ay təqaüd və müavinətlə təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “QİA.AZ”a verilən məlumata görə, ailə üzvlərinin məşğulluğuna dəstək işləri də aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları qazinin Zərdab rayonundakı evində olarkən ailəsinə bu barədə məlumat veriblər.

Görüş zamanı ailəyə Heydər Əliyev Fondunun ərzaq yardımı da çatdırılıb.

Roman hazırda evdə müalicəsini davam edir. Atası Aleksandr Mirzəliyevə özünüməşğulluq proqramı çərçivəsində onun üçün kiçik təsərrüfat yaradılması təklif edilib. Lakin o, ödənişli ictimai işlərdə işləmək istədiyi üçün yaxın günlərdə həmin işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb. Qazinin anasının istəyi əsasında onun da işlə təmin olunması nəzərdə tutulub.

Romanın özü müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçudur. Qardaşı Xəyyam həqiqi hərbi xidmətdədir. İki bacısı isə məktəblidir.

Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanılacaq.

Oxşar Xəbərlər