Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunub.
QİA.AZ xəbər verir ki, tamaşa Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim edilib.
Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov olan tamaşada, ümumilikdə 21 aktyor iştirak edib. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. “Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artist Məsmə Aslanqızıdır. Tamaşada Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də rol alıblar.
Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında nümayiş olunub. İki hissədən ibarət olan tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədovdur.
Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib. Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib. Ulu Öndər elə həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini bildirib. Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub.
İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib və bu adla artıq 80-ci dəfə təqdim olunub. Bu dəfə isə “Qarabağnamə” Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərindən sonra yeni finalla oynanılıb.
Sonda tamaşanın rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov jurnalistlərə verdiyi açıqlamasında tamaşanın ümumi quruluşundan və əsərdən danışıb. O deyib: “Bu gün çox qürurverici gündür. Ümummilli Liderin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən biri də məhz teatrla bağlıdır. Ulu Öndər incəsənəti çox sevirdi, teatra xüsusi rəğbət bəsləyirdi. İlk dəfə 1996-cı il dekabrın 14-də oynanılmış “Hökmdar və qızı” tamaşası görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin sonuncu pyesidir. 1997-ci il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyev “Hökmdar və qızı” tamaşasına baxdı, əsər haqqında qiymətli fikirlərini söylədi. Ulu Öndərin bu sözlərini hər zaman xatırlayıram: “Məhz “Hökmdar və qızı” əsərində biz öz tariximizi görürük. Bizim gənclər, cavanlar bu əsərə baxaraq ibrət götürməlidir.
Tamaşa Qarabağda tarixi Zəfərdən sonra izləyiciyə bir başqa ovqat bəxş edir. Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz zəfər çalıb, torpaqlarımız azad olunub, Qarabağımız qayıdıb. Məhz bu səbəbdən də, Azərbaycanda formalaşan qələbə ruhu, qürur teatrlarımızın ərsəyə gətirdiyi tamaşalarda əksini tapıb”, – deyə M.Fərzəlibəyov qeyd edib.