Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş olub.
QİA.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş heyvan kəsimi və ət satışı sahəsindəki vəziyyəti nəzərdən keçirmək, sahibkarları mövcud qanunvericilik və tələblər barədə bir daha məlumatlandırmaq, xidmətlərin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin onların təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə ölkədə heyvan kəsimi və ət satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının qorunması kimi məsələlər diqqət mərkəzində olub. Heyvan kəsimi və ət satışı sahəsində işin daha səmərəli təşkil olunması məqsədilə müvafiq tövsiyələr verilib. Sahibkarlara bildirilib ki, ət satışı ilə məşğul olan müəssisələrin tələbatını qida təhlükəsizliyi tələblərinə uyğun şəkildə ödəmək üçün kəsim məntəqələri soyuducu maşınlarla təmin olunmalı, heyvan kəsimi standartlara uyğun aparılmalı və baytarlıq-sanitariya ekspertizasından sonra həmin məhsullar satış yerlərinə çatdırılmalıdır. Agentlik tərəfindən bu sahədə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün dəstəyin göstərildiyi, maarifləndirmə və tövsiyə xarakterli yardımların həyata keçirildiyi vurğulanıb.
Görüşün yekununda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.