Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-nin canlı efirinə qatılıb.
O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlərdən danışıb.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müvafiq müraciətlərinə baxmağa hazırdır.
“Bütün işğal dövrü ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə qaytarılması prosesi gedir, və onlar 30 ildən artıq bu hüquqdan məhrum ediliblər. Bu arada, biz onları qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk etmək qərarına gələn ermənilər də oldu. Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlıq almaqla bağlı ərizələrin verilməsi üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazası olmalıdır. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına və qaydalarına uyğun olaraq vətəndaşlığa qəbul edilməsidir. Bu səbəbdən biz aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq”, – deyə o vurğulayıb.
H.Hacıyev xatırladıb ki, hazırda Azərbaycan və Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır:
“Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. Bu səbəbdən Azərbaycan da beş fundamental prinsip və sülh müqaviləsinin mətnini təklif edib. Hazırda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar çərçivəsində diplomatik öhdəliklər var. Hesab edirəm ki, Azərbaycan və Ermənistan müsbət gündəmlə dünyanı təəccübləndirməyi bacarıb. Dekabrın 7-də iki ölkə birgə bəyanat yayaraq, sülh gündəmini irəli sürmək və etimad quruculuğu tədbirlərini həyata keçirmək niyyətlərini ifadə edib”, – o qeyd edib.