Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərtac-a müsahibə verib.
QİA.AZ Müsahibəni təqdim edir:
-Hikmət müəllim, 2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı qeyd etdi ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə də olsun missiya göndərməyib. 30 il Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab vermədiyi halda son dövrlər UNESCO-nun ölkəmizə missiya göndərmək istəyini necə izah etmək olar?
-Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan işğal edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsdən dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib.
Həmin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb.
Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib. İşğalçı dövlət olan Ermənistan isə qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycanın UNESCO missiyası ilə bağlı bütün çağırışlarının qarşısını alıb.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO bütün bu illər ərzində davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə “Azərbaycana qarşı müharibə – mədəni irsə hücum” adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO tərəfindən adekvat reaksiya verilmədi.
Hələ 2008-ci ildə UNESCO-nun o zamankı Baş direktoru Koişiro Matsuuranın ölkəmizə səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkil olunmasını təklif etmişdi. O zaman Baş direktor məsələni izlədiklərini və missiyanın vaxtı haqqında dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdi.
Yadımdadır, Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri olduğum zaman bu mövzu ilə bağlı bir sıra açıqlamalarla çıxış etmişdim. 2015-ci ildə müsahibələrin birində qeyd etmişdim ki, Azərbaycan UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət edir. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.
2016-cı ildə Ağdamın Cümə məscidinin Ermənistan tərəfindən hərbi məqsədlərlə istifadə edilməsi barədə məlumatlar daxil olmuşdu. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilmişdi ki, bu, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Odur ki, rəsmi Yerevan indi timsah göz yaşları tökmək və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirmədi, hətta bəyanat belə vermədi.
2020-ci il tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin, barbarlığın bir daha şahidi oldu. Bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığı ilə biz ölkəmizdə akkreditə olunmuş diplomatları işğaldan azad edilmiş Fizuli və Ağdam şəhərlərinə apardıq. Orada bütün binalar, abidələr dağıdılıb, sökülüb. Ağdamda Qarabağ xanlarının dəfn edildiyi tarixi “İmarət” qəbiristanlığının dağıdıldığını və təhqir olunduğunu gördük.
İşğal edilmiş ərazilərimizdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb. Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Ağdamdakı məşhur Çörək muzeyi dağıdılıb. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında və Ağdamda Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılıb və dəyərli tapıntılar Ermənistana daşınıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib.
Ermənistanın bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Ermənistan bu qanunsuz əməllərinə görə məsuliyyət daşıyır, bu əməllərinə görə cavab verməli və oğurladığı daşına bilən mədəni irs nümunələrini öz qanuni sahibi olan Azərbaycana qaytarmalıdır.
Ermənistanın törətdiyi vəhşiliklər, vandallıq, talançılıq barədə son aylarda dünya mediasında çoxsaylı məlumatlar getdi, reportajlar hazırlandı. UNESCO Ermənistanın bu qanunsuz əməllərinə adekvat reaksiya verməli və bunları pisləməlidir. Lakin paradoksal odur ki, həm Vətən müharibəsinin gedişatı zamanı, həm də ondan sonra UNESCO anlaşılmaz, reallıqdan uzaq və yanlış istiqamətdə olan bir sıra bəyanatlarla çıxış etdi. Bu günlərdə isə UNESCO-nun Baş direktorunun müavini missiya ilə bağlı Azərbaycandan cavab gözlədikləri barədə açıqlama verib.
İlk növbədə, bildirmək istərdim ki, bu açıqlamanın məzmunu və tərzi Azərbaycan tərəfi üçün qəbuledilməzdir və açıq-aşkar qərəzli mahiyyət daşıyır. Azərbaycan multikultural və tolerant ölkə olaraq öz ərazisində yerləşən bütün mədəni, dini abidələrin qorunmasını təmin edir. İstər müsəlman abidəsi olsun, istər yəhudi, istərsə də xristian. Elə təkcə bir fakt – bu yaxınlarda Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilməsi bunun bariz nümunəsidir.
UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartmaları bizdə bir sıra suallar doğurur. Bəs əvvəllər niyə UNESCO missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO buna niyə reaksiya vermirdi?! Cənab Prezidentin qeyd etdiyi kimi, elə çıxır ki, məscidi dağıtmaq olar?!
Amma ortada heç bir əsas olmadığı halda işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi bəzilərini, o cümlədən UNESCO rəhbərliyini “yaman narahat edir”. Bir daha vurğulamaq istərdim ki, biz ölkəmizdə olan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır və onları mühafizə edirik. Lakin UNESCO-nun reaksiyasından belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu bir halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir.
Burada bir faktı da vurğulamaq istərdim. 2018-ci ilin yanvarında Azərbaycanın xarici işlər naziri o zaman yeni seçilmiş Baş direktor Odre Azuley ilə görüşdə işğal altında olan ərazilərimizə UNESCO missiyasının göndərilməsi məsələsini bir daha qaldırmışdı.
-Bəs Odre Azuleyin bu məsələyə münasibəti necə olmuşdu?
-Çox maraqlıdır ki, O.Azuley bildirmişdi ki, UNESCO humanitar təşkilatdır və bu səbəbdən də siyasi məsələlərə müdaxilə etmək istəmirik.
Amma indi üstündən cəmi iki il keçəndən sonra artıq deyəsən UNESCO-nun humanitar təşkilat olduğu “yadından çıxıb”. Azərbaycanın şanlı Vətən müharibəsindən sonra UNESCO rəhbərliyi niyə belə tez mövqeyini dəyişdi?! Nədən bir məsələ ilə bağlı təşkilatda davamlı mövqe yoxdur?! Əlbəttə, belə yanaşma Azərbaycanı və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin digər məsuliyyətli üzvlərini qane edə bilməz. Sözügedən görüşün yazısı bizim diplomatik arxivdə saxlanılır.
Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran bir haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. UNESCO rəhbərliyi bu siyasətdən əl çəkməlidir. UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini irəlilətməklə məşğul olmamalıdır. UNESCO hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır.
-Hazırda Azərbaycanın UNESCO-nun missiyası ilə bağlı mövqeyi necədir?
-Bilirsiniz, Azərbaycanın mövqeyi haqlıdır və davamlıdır. Yəni, dünən olduğu kimi, bu gün də Azərbaycan UNESCO missiyasının təşkilinə qarşı çıxmır. Sadəcə, beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun davranılmalıdır. Təhlükəsizlik şəraiti imkan verdiyi zaman missiyanın aydın mandatı və tərkibi Azərbaycan və UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır.
Hazırda Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Ermənistan digər sahələrdə olduğu kimi, işğal zamanı Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir.
-Belə xəbərlər yayılır ki, UNESCO UNITAR ilə birgə Qarabağda müəyyən layihələr həyata keçirmək istəyir. Azərbaycanın buna münasibəti necədir?
-Bəli, biz də bu barədə eşitmişik. Bu iki təşkilat peyklər vasitəsilə Qarabağda müşahidələr aparmaq və mədəni irsin qorunması ilə bağlı oradakı vəziyyəti qiymətləndirmək istəyir. Birmənalı şəkildə bildirmək istəyirəm ki, belə özfəaliyyət qəbuledilməzdir. Həm UNESCO, həm də UNITAR BMT təşkilatlarıdır. Onlar beynəlxalq hüquqa və BMT-nin müvafiq qaydalarına uyğun hərəkət etməlidirlər. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən istənilən fəaliyyət Azərbaycanla razılaşdırılmalıdır. Əks halda tərəfimizdən bu, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək.
-Hikmət müəllim, Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması istiqamətində UNESCO-da başqa hansı işlər aparmışdır? Ümumiyyətlə, UNESCO ilə münasibətlərimizin gələcəyi barədə nə deyə bilərsiniz?
-UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan silahlı münaqişələr dövründə mədəni abidələrin qorunması məsələsinə xüsusi diqqət ayırıb. Azərbaycan 2011-ci ildə UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə üzv seçilib və onun çərçivəsində fəal üzv kimi təşəbbüslərlə çıxış edib. 2012-2013-cü illərdə komitə çərçivəsində “İşğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması” adlı sənəd müzakirə edilib və qəbul olunub. Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə hazırlanmış bu sənəd dünyada olan münaqişələr zamanı, işğal altındakı ərazilərdə UNESCO Katibliyinin mədəni abidələrin qorunması ilə bağlı atmalı olduğu addımları ehtiva edirdi.
Azərbaycanın özü işğaldan əziyyət çəkmiş bir ölkə kimi nəinki yalnız işğal olunmuş ərazilərimizdə, eləcə də bütün dünyada mədəni abidələrin dağıdılması məsələsinə həssaslıqla yanaşıb və UNESCO ilə bu sahədə əməkdaşlığa daim önəm verib. Bizim düşüncəmiz belə olub ki, mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur.
2016-cı ildə UNESCO tərəfindən Mədəni abidələrin qorunması üzrə ilk “Hərbi bələdçi” hazırlanıb. Bu bələdçi çox önəmli nəşrdir və fərqli dillərə tərcümə edilərək bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən NATO tərəfindən istifadə edilir. Bələdçinin hazırlanması üçün maliyyə töhfəsini məhz Azərbaycan verib. Həmçinin onun müəllifləri arasında İtaliya, İngiltərə, Fransa mütəxəssisləri ilə yanaşı, azərbaycanlı ekspert də yer alıb. Bu, ölkəmizin mədəni abidələrin qorunması sahəsinə verdiyi önəmin, eləcə də bu sahədə olan nüfuzunun göstəricisidir.
Həmçinin UNESCO-nun ən mötəbər qurumlarından olan Ümumdünya İrs Komitəsində 2015-2019-cu illər ərzində üzvlüyü zamanı da Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması məsələsini daim gündəmdə saxlayıb.
Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz onun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəni irsin qorunması sahəsində önəmli layihələr həyata keçirilib, məktəblər inşa edilib, məscidlər, kilsələr, tarixi abidələr bərpa olunub.
Beynəlxalq hüquqa, beynəlxalq humanitar fəaliyyətə, multikulturalizmə böyük əhəmiyyət verən Azərbaycan UNESCO ilə bundan sonra da səmərəli, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Azərbaycan UNESCO-dan da özünə münasibətdə eyni yanaşmanı gözləyir.