Avropa İttifaqının (Aİ) üzv ölkələri, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qarşı tərəflə görüşü keçirilib.
XİN-dən “QİA.az”a verilən məlumata görə. görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.
Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işlər barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.
Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğumuz, YUNESKO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.
Tərəflər cari vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları, o cümlədən etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.