GündəmQarabağ münaqişəsiŞəhidlərimiz

Hörmətlə anırıq: Şəhid Abasov Elvin

27 sentyabr 2020-ci il. 44 günlük müharibənin başlanğıcı. Ordu-xalq birliyinin gücü ilə savaş meydanında qəhrəmanlıq dastanı yazan Azərbaycan övladlarının şücaəti Ermənistanın 30 ildə yaratmaq istədiyi qalibiyyət mifini 44 gündə darmadağın etdi. Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm-itimdir. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Şəhidsiz torpaq, itkisiz qələbə, qansız istiqlal olmur. Acı həqiqət də olsa Azərbaycan üç minə yaxın şəhid verdi. Şəhidlik elə bir məqamdır ki, bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.  Şəhidlərin hərəsi bir səlnamə yazdı, adları dillərə dastan oldu. Bu gün istərdim bu uca məqama yüksələn bir şəhidimizdən – Abasov Elvin Səxavət oğlundan söhbət açım.

Abasov Elvin Səxavət oğlu 17.06.1993-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. O, ailədə sonbeşik olduğu üçün evin ən sevimlisi idi. Elvin mehriban, şirindil, gülərüz, heç kimin xətrinə dəyməməyə çalışan biri olmuşdur. Hamıya əl tutan, dostlarından  ötrü canını  qurban verməyə belə hazır olan biri idi Elvin. Anasını çox sevirdi. II  Qarabağ savaşı başlayan kimi heç kimə xəbər vermədən könüllü döyüşlərə yazıldı. Oktyabrın 9-da anasına zəng edərək artıq könüllü cəbhəyə getdiyini bildirdi. Elvində Vətən sevgisi o qədər güclü idi ki, döyüşdə ancaq irəli getməyə can atırdı. O, bir çox döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Elvin döyüş yoldaşlarının və komandirlərinin hörmətini qazanmışdır ve gizir rütbəsinə yiyələnmişdir. Getdiyi ilk gündən düşüncələrində ancaq Şəhidlik zirvəsinə ucalmaq idi. Elvin həmişə evə zəng edəndə “Ana, ata, haqqınızı halal edin! Ana, həmişə səni qürurlu, başıdik görmək istəyirəm!” – deyirdi. O, Xocavənd  istiqamətlərində gedən döyüşlərdə erməni gülləsinə tuş gəlmiş  və ağır yaralanmışdır. 12 noyabr tarixində Bakı Şəhər Xəstəxanasına gətirilmiş  və 10 gün komada qalmışdır.  22 noyabr tarixində səhər saat 07:30  radələrində əbədi olaraq gözlərini yumaraq Şəhidlik zirvəsinə ucalmışdır. O, Şamaxı şəhərində yerləşən “Şəhidlər xiyabanı”nda dəfn olunmuşdur.  

Şəhidlərin haqqı əvəzolunmazdır! Biz onların qarşısında baş əyirik! Bu xalq mübariz, böyük xalqdır! Azərbaycan xalqı var olduqca Şəhidlər də qəlbimizdə yaşayacaq!

Şəhid Abasov Elvin
Şəhid Abasov Elvin
Şəhid Abasov Elvin

Əlaqəli xəbər

Back to top button