Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Azərbaycan artıq dünyada sayılıb–seçilən, müstəqil siyasət yeridən, suveren dövlət imici qazanıb. Bunu ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq təşkilatların tədbirləri də təsdiqləyir. Respublikamız daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Artıq ölkəmiz bu sahədə zəngin təcrübəyə malikdir. Təbii ki, söhbət “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoqdan gedir. Belə mötəbər tədbirlərin keçirilməsi üçün Azərbaycan artıq ənənəvi bir məkana çevrilib. Bu gün də ənənə qorunub saxlanılır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda heç vaxt milli və dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Bütün dövrlərdə Azərbaycanda müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayıb və daim bir-biriləri ilə dostluq münasibətləri qurublar.

QİA.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Bakıda keçirilmiş “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoqdan söhbət açaraq deyib ki, artıq dünyanın mötəbər təşkilatları öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verir. Bunun əsas səbəbi ölkəmizin dünyada sabitlik məkanı kimi imic qazanmasıdır. Çünki siyasi, iqtisadi və digər sahələrdə bir-birinin ardınca uğurlar qazanan, əsl tolerantlıq nümunəsi olan Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmağın böyük əhəmiyyəti var. Əslində, Azərbaycan artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Lakin buna baxmayaraq, müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin bu inkişafı öz gözləri ilə görmələri daha vacibdir. Paralel olaraq tədbir iştirakçıları ölkəmizin sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələrlə şəxsən tanış olurlar.

Ç.Qənizadə budəfəki forumda 110 ölkənin nümayəndəsinin iştirak etdiyini bildirib. O, forumun çox mühüm və nüfuzlu beynəlxalq platforma olduğunu deyib. “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayan hüquqşünas Prezident İlham Əliyevin forumdakı çıxışından söhbət açıb: “Dövlətimizin başçısı dedi ki, Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Əfsuslar olsun ki, dünyada yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin əsl vətənpərvər insanlarıdır”.

“Dövlətimizin başçısı yeni müstəmləkəçilik tendensiyalarına qarşı mübarizə aparılmasının vacibliyini qeyd etdi. Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”- deyə sözünə davam edən Ç.Qənizadə bildirib ki, dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Fransanın dənizaşırı ərazilərində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Avropa təsisatlarının Avropada olmayan ölkələrin daxili işlərinə müdaxiləsinin qarşısı alınmalıdır. Təəssüf ki, Avropa Parlamenti və AŞPA bununla bağlı hər hansı bir tədbir görmək istəmir. Bunun da əsas səbəbi yeni müstəmləkə tendensiyalarının hələ də davam etməsidir.

Ç.Qənizadə deyib ki, dövlətimizin başçısı Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildiyini də xatırladıb. Bununla yanaşı, bu forum həm də dini liderlərin Şuşada görüş keçirmələri ilə yadda qalacaq: “Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər. Forum çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub” -deyə hüquq müdafiəçisi əlavə edib.

Oxşar Xəbərlər