Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib.
“QİA.AZ“ bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, videokonfransda təşkilatın üzv ölkələri-İran, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Əfqanıstan və bır sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edib. İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov çıxışında təşkilatın Avrasiyada çoxşaxəli qarşılıqlı-faydalı münasibətləri təşviq edən əməkdaşlıq formatı kimi rolundan bəhs edib. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevin təşəbbüsü Azərbaycanın təşkilatla əməkdaşlığa yüksək münasibətinin nümunəsi kimi dəyərləndirilib. Bildirilib ki, Azərbaycan təşkilat çərçivəsində nəqliyyat, energetika, regional inteqrasiya və sosial-iqtisadi inkişaf istiqamətləri üzrə bir sıra layihələrin təşəbbüskarı və aktiv iştirakçısıdır: “Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il, təxminən, 4,9 milyard ABŞ dolları olub. Bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 20 faiz təşkil edir. Bu ölkələr indiyə kimi Azərbaycan iqtisadiyyatına 16,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,5 mlrd. ABŞ dollarından çox sərmayə yatırıb”, deyə nazir qeyd edib.
Ölkəmizin enerji siyasətindəki nailiyyətlərinin İƏT daxilində enerji əməkdaşlığına töhfələrindən, ikitərəfli və üçtərəfli enerji əməkdaşlığı formatlarından danışan nazir deyib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılmış, Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirən şaxələnmiş neft-qaz boru kəmərləri infrastrukturu region ölkələrinin də maraqlarını, enerji təhlükəsizliyi məsələlərinin həllini təmin edir. Belə ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 438 milyon tondan çox nefti nəql olunub. Qaz kəmərləri isə Türkiyəyə 82 milyard kubmetr təbii qazın çatdırılmasını təmin edib. Son üç ildə, təxminən, 20,7 milyon ton həcmində Türkmənistan mənşəli xam neft və neft məhsulları, həmçinin ötən il 106 min ton Qazaxıstan nefti də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına nəql olunub. Enerji vasitəsilə inteqrasiyada “Cənub Qaz Dəhlizi”nin rolu xüsusilə vurğulanıb: “Bu il TANAP vasitəsilə Türkiyə istehlakçılarına 2,5 milyard kubmetr, Avropa istehlakçılarına isə TAP ilə 2,8 milyard kubmetr təbii qaz ixrac edilib. Cənub Qaz Dəhlizinin “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə əksini tapması isə layihənin bölgənin rifahında strateji əhəmiyyətinin ən yüksək səviyyədə təsdiqidir.”
Nazir, həmçinin hazırda həyata keçirilən və planlaşdırılan layihələrin, elektroenergetika sektorunda aparılan islahatların İƏT “Regional Elektrik Enerjisi Bazarı”nın yaradılması prosesinə dəstəyinə və yeni əməkdaşlıq perspektivlərinə dair məsələlərə də toxunub. “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə yaranmış yeni reallıqlar təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək yeni layihələrlə İƏT çərçivəsində enerji də daxil olmaqla geniş əməkdaşlığa yol açır. Gələcəkdə, təxminən, 700 MVt-lıq bərpa olunan enerji layihələri üzrə planlaşdırılan hərraclar, həmçinin Xəzər dənizinin külək, Qarabağın isə zəngin külək, günəş və hidro potensialından birgə istifadə İƏT daxilində enerji və iqtisadi əməkdaşlığı dərinləşdirə biləcək imkanlardır.”
İƏT-in Baş katibi Hadi Süleymanpur isə təşkilatın növbəti onillikdə üzv ölkələr arasında “yaşıl enerji”nin ümumi enerji balansında payının mövcud vəziyyətə nisbətən əhəmiyyətli dərəcədə yüksək səviyyəyə çatdırılması, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın gücləndirilməsi hədəfləri barədə məlumat verib. Bu aspektdə İƏT və UNİDO-nun “Təmiz Enerji Mərkəzi”nin yaradılması üzrə birgə layihəsinin əhəmiyyətini qeyd edib. Bu Mərkəzin bütün dünyanı əhatə edən “Regional Dayanıqlı Enerji Mərkəzləri Qlobal Şəbəkəsi”nin perspektivli bir elementi olacağına inam ifadə edilib. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz, İranın energetika naziri Rza Ərdakanian və digər çıxışçılar da T”əmiz Enerji Mərkəzi”nin yaradılması kimi təşəbbüslərin və bərpa olunan enerji üzrə əməkdaşlığın dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq enerji keçidi prosesinə mühüm töhfə verəcəyini qeyd ediblər.
İclasın yekununda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə “Bakı Bəyannaməsi” qəbul edilib. Sənəd İƏT üzvləri arasında xam neft, təbii qaz, neft-kimya və neft məhsullarının təchizatı, elektrik enerjisi şəbəkələrinin yaradılması, regional elektrik enerjisi ticarəti, iqlim dəyişikliklərinə mübarizədə qlobal addımlara uyğun olaraq təmiz enerji mənbələri, enerji səmərəliliyi, təmiz enerjiyə keçidin maliyyələşdirilməsi üzrə geniş əməkdaşlığı nəzərdə tutur. Bəyannamədə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji imkanlarının olduğu və bu potensialdan istifadənin iqlim dəyişikliyinə qarşı mübarizəyə müsbət təsir edəcəyi xüsusi vurğulanaraq, İƏT-ə üzv dövlətlərə və müvafiq beynəlxalq təşkilatlara Azərbaycanın “Yaşıl Enerji Konsepsiyası”nı dəstəkləməyə çağırış edilib.
Tədbirdə həmçinin təşkilatın 2030-cu ilədək “Enerji Strategiyası” və “Fəaliyyət Planı” “Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”, “Regional Elektrik Enerjisi Bazarı”nın Yol Xəritəsi qəbul edilib.