I Gənc mədəniyyət müxbirləri məktəbi layihəsinə start verilib

Apr19,2024

Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və “525-ci qəzet”in birgə təşkilatçılığı ilə keçirilən I Gənc mədəniyyət müxbirləri məktəbi layihəsi çərçivəsində ilk təlim baş tutub.

QİA.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun açılış nitqi ilə çıxış edərək bu təşəbbüsün jurnalistikanın mədəniyyət sahəsində çalışmaq istəyən tələbələrin bilik və bacarıqlarının inkişafında müstəsna rol oynayacağını bildirib, layihənin işinə uğurlar arzulayıb.

Gənc mədəniyyət müxbirləri məktəbinin təlimçi qismində ilk qonağı “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, tanınmış şair Qulu Ağsəs olub. Peşəkar jurnalist olmaq üçün böyük zəhmət və əzmlə yanaşı, digər zəruri keyfiyyətlərdən söhbət açan Q.Ağsəs mətbuat sahəsindəki fəaliyyət dövründən bəhs edib. Təcrübədən keçirdiyi proseslərdən bəhs edən Əməkdar jurnalist “Yaxşı mədəniyyət müxbiri necə olmalıdır?” sualı ətrafında tezislərlə çıxış edib.

İnteraktiv tərzdə keçən təlim tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, layihənin əsas məqsədi mədəniyyət sahəsi üzrə ixtisaslaşmaq arzusunda olan tələbələrin inkişafına təkan verməkdir. Layihə çərçivəsində hazırda sözügedən istiqamətdə imzası tanınan, praktiki cəhətdən daha hazırlıqlı şəxslərin təlimçi qismində tələbələrlə söhbəti, həmin tələbələrin mədəni-kütləvi tədbirlərə cəlb olunması, öyrəndiklərini tətbiq etmək üçün müxtəlif tip materialların hazırlanması və işıqlandırılması, sonda isə I Gənc mədəniyyət müxbirləri məktəbinin xüsusi sertifikatının verilməsi nəzərdə tutulur.

Nahid Xəlilov

Oxşar Xəbərlər