Azərbaycanın ağırlıqqaldırma üzrə millisini Tbilisidən Bakıya gətirən təyyarə Vətənə çatıb.
QİA.AZ xəbər verir ki, İrəvandan avtobusla qayıdan atletlər Gürcüstanın paytaxtından Azərbaycana yola salınıblar.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu hadisə ilə əlaqədar olaraq ağırlıqqaldırma millimiz yarışda iştirakından imtina edib və onun İrəvandan Azərbaycana qayıtması barədə qərar verilib.
Təxribatla bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Həmçinin idman mediasının nümayəndələri İrəvanda ölkəmizə qarşı törədilən təxribatı sərt qınayıblar. Bu hadisə ilə bağlı Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi Beynəlxalq Atletika Federasiyasına və Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasına bəyanat göndərib.