İğdır Alulbeyt Vəqfinin təşkil etdiyi “Azərbaycanla həmrəylik” kampaniyası çərçivəsində “Həmrəylik Tırı” adlanan yardımla dolu yük maşını Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qəbul edilib.
Müdafiə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, “Okuklu İnşaat” şirkətinin prezidenti, Türkiyəli iş adamı Yılmaz Okuklu məlumat verərək bildirib ki, yardımı Alulbeyt İğdır Şöbəsinin müdiri Ebülfez Kocadağ, İğdır “Alulbeyt Alimləri” dərnəyinin başqanı Veli Beder, İğdır Müftü yardımçısı Kudbettin Şen və “Alulbeyt Alimləri”nin üzvləri təşkil edib.
İş adamı qeyd edib ki, Azərbaycan xalqı işğalçı Ermənistan qarşısında böyük bir dastan yazaraq ölkə torpaqlarını Ana Vətəninə qovuşdurdu. “Bu savaşda yüzlərcə vətən övladı şəhid oldu və yaralandı. Bütün türk xalqı, o cümlədən Alulbeyt Vəqfinin üzvləri də bu savaşda ən başından Azərbaycan xalqının yanında oldu və olmaqda davam edəcək. Böyük istəklər qarşısında Azərbaycan xalqının yanında olduğumuzu nümayiş etdirmək üçün yardımla dolu yük maşınını bu gün qəbul edir və Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına təhvil veririk. Əlbəttə ki, Azərbaycanın, Azərbaycan Ordusunun bu yardıma ehtiyacı olmadığını bilirik, ancaq bu həmrəyliyimizin nümayişidir”.
Yılmaz Okuklu bu yardımların davamlı olacağını və bunun qarşılığında yardım dolu bir yük maşınını İğdırda yaşayan yoxsul insanlar üçün göndərəcəyini qeyd edib.
Polkovnik-leytenant Camal Kərimov göstərilən yardıma görə Alulbeyt Vəqfinin rəhbərliyinə, yardımı Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına çatdıran nümayəndə heyətinə dərin təşəkkürünü bildirib. Zabit qeyd edib ki, bu tip yardımlar iki dövlət arasında olan əlaqələrin inkişafının, bütün sahələr üzrə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunun göstəricisidir.