Bizi ən çox təəssüfləndirən qələbəni əldən verməyimizdir. İki qolluq üstünlüyü qoruya bilməmək kədərləndirici haldır.
QİA.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında UEFA Avropa Liqasının 1/8 finalında keçirilən “Qarabağ” – “Bayer 04” matçından sonra Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade deyib.
Yarımmüdafiəçi matçı belə şərh edib: “Oyun bizim üçün olduqca yaxşı keçdi. Vurduğumuz qollar keçdiyimiz ağır məşqlərin, əzmkarlığın nəticəsidir. Yekunda onlar hesabı bərabərləşdirsə də, komandanı qarşıda bir matç gözləyir. Hazırda isə diqqətimizi “Zirə” ilə çempionat görüşünə yönəldəcəyik. Addım-addım daha yaxşısını etməyə çalışırıq. Futbolda hər şey baş verir. İki dəfə fərqlənsək də, sonradan qapımızda eyni sayda qollar gördük. Səhvlərimiz üzərində ciddi şəkildə işləyəcəyik”.
31 yaşlı kabo-verdeli futbolçu “Bayer 04″ə qarşı matçda üstünlüklərini qoruya bilmədikləri üçün məyus olduğunu bildirib: “Əlbəttə ki, 2:2 hesabı ilk matç üçün bizi qane edə bilməz. Qələbə qazana bilərdik, amma bacarmadıq. Bu hesab bizi müəyyən qədər məyus etdi. Bunu sizə necə izah edəcəyimi bilmirəm. Qəribə hisslər yaşayıram. Belə qollar buraxmamaq üçün qarşıdakı matçlarda daha yaxşısını etməyə çalışacağıq. Bu, “Bayer 04”ün builki rekord seriyasına son qoymaqdan daha pisdir”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.