İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Bakıdakı əzəmətli “Gülüstan” sarayı yüksək səviyyədə və özünəməxsus memarlıq üslubu saxlanılmaqla yenidən qurulub.

“QİA.az” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

“Gülüstan” sarayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilib. Ulu Öndər bu sarayın tikintisinin gedişini şəxsən daim nəzarətdə saxlayıb, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı mütəmadi olaraq tövsiyə və tapşırıqlarını verib. “Gülüstan” sarayı yalnız keçmiş Sovet İttifaqında deyil, daha geniş məkanda ən müasir və özünəməxsus gözəl arxitektura nümunələrindən biri hesab olunurdu. Bakının memarlıq ansamblını daha da gözəlləşdirən bu sarayın inşası o zaman Ulu Öndərin paytaxtımızın inkişafı ilə bağlı həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi idi. Sarayın arxitekturasında Azərbaycanın milli memarlıq elementlərindən geniş istifadə olunub.

Öz əzəməti və bənzərsiz memarlıq üslubu ilə seçilən “Gülüstan” sarayında tarixi əhəmiyyət kəsb edən, müxtəlif sahələrə aid bir sıra ümumrespublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Onların arasında “Əsrin müqaviləsi”nin imzalanması və digər tarixi hadisələri qeyd etmək olar. Zaman keçdikcə “Gülüstan” sarayının yenidən qurulmasına zərurət yaranmışdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial infrastrukturun inkişafı və müasirləşdirilməsi, regionların və paytaxtımızın daha da abadlaşması, eyni zamanda, Bakının tarixi görkəminin saxlanılması, tarixi binaların bərpası ilə bağlı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə “Gülüstan” sarayının yenidən qurulması da bu istiqamətdə görülən işlər sırasında mühüm yer tutur.

“Gülüstan” sarayında 600 yerlik əsas zal, həmçinin “Şərq” zalı və konfrans zalı da müasir səviyyədə yenidən qurulub. Beləliklə saray yeni görkəmdə, yeni üslubda, amma öz tarixi koloritini saxlamaqla qapılarını qonaqların üzünə açır.

Paytaxtın dağlıq hissəsində yerləşən “Gülüstan” sarayı Bakı körfəzini və şəhərin mənzərəsini seyr etmək üçün ən gözəl məkanlardan biridir. “Gülüstan” sarayının yenidən qurulması heç şübhəsiz ki, postpandemiya dövründə də Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərin keçirilməsi işinə öz töhfəsini verəcək.

Oxşar Xəbərlər