“COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilən Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil edib”.
“QİA.AZ” xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında çıxışı zamanı deyib.
“Biz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşuq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərib”- deyə dövlət başçısı bildirib.
İlham Əliyev qeyd edib ki, “Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişafda olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir: “Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb. Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq”.