İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Kral” şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “QİA.AZ”a verilən məlumata görə, adı çəkilən şadlıq sarayında keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda – 200 nəfər qonağın iştirak etməsi müəyyən olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı E.Usubov 4000 manat, toy mərasiminin təşkilatçısı S.Şıxəliyev isə 400 manat məbləğində cərimə olunub.