İmişlidə qanunsuz olaraq ov edən şəxs aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti (DİN) məlumat yayıb.
Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı axşam saatlarında Araz çayının rayonun Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini E.Hacıyev saxlanılıb.
Həmin şəxsdən bir ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində iki nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.Bu istiqamətdə tədbirlər davam etdirilir.