“Viruslar genetik modifkasiyaya məruz qalaraq mutasiyaya uğrayır, bu zaman həmin virusa gen cəhətdən yaxın olan yeni virus yaranır”.
Bunu “QİA.AZ”a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.
Onun sözlərinə görə, bu mutasiyalar virusun bioloji forma və funksiyasının dəyişməsinə səbəb olur: “Mutasiya olmuş formalar bəzən əvvəlki variantından yüngül, bəzən isə çox ağır xəstəlik törədə bilir. Virusun mutasiyaya uğramasına təsir edən faktorlar var. Buna xarici mühitin təsiri, özbaşına dərman vasitələrinin qəbul edilməsi daxildir. Xüsusən də antibiotiklərin qəbulu virusun mutasiyaya uğramasına səbəb olur”.
V.Cavadzadə qeyd edib ki, əgər koronavirus mutasiyaya uğrayıb, yeni tiplər yaranıbsa, gələcəkdə vaksinasiya sahəsində müəyyən problemlər yarada bilər: “Ola bilər ki, vaksinasiya əvvəlki tiplərə təsir eləsin, amma yeni mutasiya olmuş virusda effektiv olmaya bilər. Hazırda son ümidimizi vaksinə bağlamışıq. Yeni virusa vaksin təsir etməzsə, bu artıq bir fəlakət olacaq. Onda məcbur olacağıq ki, hər mutasiya olmuş virusa qarşı vaksin tapılsın. Hazırda yeni virusun təhlükəsi barədə dəqiq məlumatlar yoxdur. Amma Britaniya mətbuatı yazır ki, mutasiya olmuş virusun əvvəlkinə nisbətən yoluxduruculuğu 70 faizdən yüksəkdir. Bu informasiya təsdiqlənərsə, təhlükə artacaq. Vəziyyət indikindən 70 faiz daha ağır ola bilər”.
İnfeksionist koronavirus pandemiyasının başqa ölkələrə yayılmasının qarşısının alınmasının çətin olduğunu bildirib: “Biz istəsək də, istəməsək də, virus gələcək. Çünki xarici ölkələrə gediş-gəliş var. Bu da virusun gətirilib aparılmasına səbəb olur. Düşünürəm ki, insanlar qorunma tədbirlərin daha da artırmalı, özlərinə və ətrafdakılara qarşı məsuliyyətli olmalıdırlar”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantını sentyabrda Britaniyada aşkarlandığını açıqlayıb. Daha sonra bu Danimarka, Niderland, Avstraliyada, Cənubi Afrika Respublikasında və İtaliyada qeydə alınıb. Mutasiyanın Böyük Britaniyada yarandığı və ya ora sonradan gətirildiyi barədə məlumat yoxdur. Həmçinin hazırlanmış yeni vaksinlərin bu cür mutasiyaya qarşı uyğun olub-olmayacağı da məlum deyil.