“Vest Bromviç” komandasının baş məşqçisi Sem Ellardays İngiltərə Premyer Liqasının koronavirusa görə iki həftəlik dayandırılmasını dəstəkləyib.
“QIA.AZ” “Goal” nəşrinə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis özü və futbolçuları üçün çox narahat olduğunu bildirib.
Ellardaysın sözlərinə görə, insanların təhlükəsizliyi hər şeydən üstündür: “Virusun yeni növünün əvvəlkindən daha sürətli yayılması xəbərini eşidəndən sonra düzgün şeylər etməliyik. Çempionatda fasilə yaratmalıyıq”.
İngiltərəli baş məşqçi daha sonra bu ifadələri işlədib: “66 yaşım var və ehtiyacım olan son şey koronavirusa yoluxmaqdır. Bu həftə klubda bir nəfərin testi müsbət oldu. Amma infeksiya yayılır. Nə qədər çalışsaq da, testlərdən neçə dəfə keçsək də, tibbi maskalar taxıb, əllərimizi dezinfeksiya etsək də, yoluxma artır”.