“Genetika piylənmənin əsas faktorlarından biridir. İnsanların artıq çəkiyə meyli çox vaxt onların yaxın qohumları və ailə üzvləri arasında müşahidə olunur”.
QİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
O bildirib ki, tiroid vəzinin disfunksiyası metabolizmi zəiflədərək, maddələr mübadiləsini pozur və artıq bədən çəkisinə səbəb olur: “ Piylənmə dedikdə, əsas da qarın nahiyəsinə diqqət yetirmək lazımdır. Normalda kişilər üçün bel 94 sm, qadınlar üçün 80 sm-dən çox olmamalıdır. Yuxu pozuntusu da piylənməyə təsir edən çox ciddi amillərdən hesab olunur. Tədqiqatlar müəyyən edib ki, insanlar nə qədər az yatsa, onların artıq çəki və ya piylənmə ehtimalı bir o qədər yüksək olur. Bu qismən ona görədir ki, yuxu zamanı ifraz olunan hormonlar iştahı və bədənin enerji istifadəsini idarə etməyə kömək edir. Həmçinin, stress və depressiya zamanı da bəzi insanlar daha çox nəzarətsiz qida qəbuluna meyilli olurlar”.
Həkimin sözlərinə görə, ikinci tip diabet xəstələrinin demək olar ki, əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkir. Piylənmə yağ turşularının səviyyəsini artırır və nəticədə diabetə səbəb ola biləcək iltihablı prosesləri təhrik edir. Bundan başqa,
bel çevrəsinin ölçüsü ilə təzyiq, infarkt və insult xəstəlikləri ilə sıx bağlılıq var: “İnsult, infarkt, hipertoniya, xərçəng kimi xəstəlikləri birbaşa artıq bədən çəkisi ilə bağlılığı danılmaz faktdır.
Ultrasəs müayinəsində istənilən orta bədən çəkili bir insanı müayinə etdikdə bəzən qaraciyər yağlanması diaqnozu aşkarlanır.
Bundan əlavə, piylənmə alkoqol asılılığının nəticəsi də ola bilər”.
Həkim onu da vurğulayıb ki, sağlam qidalanma insanın həyat tərzinin ən mühüm aspektlərindən və onun sağlamlığına təsir edən amillərdəndir: “Təbii qidalar, mövsümü meyvə və tərəvəzlər xüsusilə faydalı hesab olunur. Qeyri-bitki yağları zərərli xolesterini artıraraq, damarların kirəcləşməsinə, ateroskleroz dediyimiz tıxanmaya səbəb ola bilir. Sokrat deyib ki, yemək üçün yaşamaq deyil, yaşamaq üçün yemək lazımdır.
Vətəndaşlar arasında yüksək şəkərli un məhsullarına daha az meyli təbliğ etmək lazımdır. Şəkər bəlkə də insan orqanizmi üçün ən arzuolunmaz məhsuldur. Ona görə də təbii, emala məruz qalmayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həmçinin, düzgün yuxu rejiminə riayət etmək vacibdir”. Qeyd edək ki, 2020-ci ildən başlayaraq hər il martın 4-də Ümumdünya Piylənmə Günü kimi qeyd olunur.