Florensiyanın əzəmətli memarlığını görmək üçün dünyanın hər yerindən buraya turistlər gəlir. Onlar üçün fəslin fərqi yoxdur. İtaliyanın Toskana vilayətinin paytaxtı turistlərə səyahət üçün təəssüratları ömür boyu yaddan çıxmayacaq yerlər təklif edir.
Tarixi və mədəniyyəti sevənlər üçün açıq hava altında böyük muzeydir Florensiya şəhəri. Əfsanəyə görə, əsası Yuli Sezar tərəfindən qoyulub. Nadir qədim eksponatlarla, muzeylərlə, məbədlərlə, meydanlarla, abidələrlə zəngindir. Bu qədim şəhərin əzəmətli memarlığını görmək üçün dünyanın hər yerindən turistlər gəlir. Onlar üçün fəslin qış və yay, yaz və ya payız olmasının fərqi yoxdur. İtaliyanın Toskana vilayətinin paytaxtı turistlərə təəssüratları ömür boyu yaddan çıxmayacaq elə yerlər təklif edir ki, bu gözəl və heyrətamiz şəhərə səfər həmişəlik yaddaşlara yazılır.
“Kaspi” qəzeti mövzu ilə bağlı reportaj hazırlayıb.
İnsanlar niyə bu şəhərə gedir?
Romadan Florensiyaya hər saatdan bir avtobuslar və qatarlar gedir. Roma dəmir yolu stansiyasından yola düşən rahat qatarlar 1,5 saat (bir tərəfə biletin qiyməti 21,95 avro) sərnişinləri bu füsunkar şəhərə çatdırır. Elektrik qatarı daha ucuzdur – 14,3 avro. Ekspress avtobusla Romanın Tiburtina avtovağzalından Florensiyaya səyahət isə 4,5 saat çəkir. Səhər 07:40 qatarı ilə Romadan Florensiyaya yola düşürəm…
“İnsanların bu şəhərə axışmasının səbəbi nədir?”
– yol boyu məni düşündürən suala cavab tapmaq şəhərə ayaq basandan sonra asanlaşır: insanlar burada intibah dövrünün ab-havasına qərq olur, kafedralların qədim divarlarına toxunur, klassik ustaların əsərlərinə baxır, ən son dəb tendensiyalarını tuturlar…
İntibah dövrünə yaşıl işıq
Florensiyaya “İntibah dövrünün beşiyi” deyirlər. Zarafat deyil, dünyaya Leonardo da Vinçi və Qaliley, Dante və Mikelancelo, Donatello, Covanni Bokaçço kimi böyük şəxsiyyətlər bəxş edib.
XV əsrdə Medici sülaləsinin himayəsi altında formalaşmış qeyri-adi gənc rəssamlar və ziyalılar qrupunun yeni baxış və düşüncəsi ilə İtaliyada intibah sənətinin ilk dövrü olan “Florensiya intibahı” başlayıb. Sonralar bu dalğa Roma, Venesiya və ölkənin qalan şəhərlərinə yayılıb.
Florensiya haqlı olaraq fəxr edir ki, məhz onun mütəfəkkirləri intibah dövrünə yaşıl işıq yandırıblar və bütün Amerika qitəsi florensiyalı məşhur səyyah Ameriqo Vespuççinin adını daşıyır. Təəccüblü deyil ki, bu təfəkkür nəhəngləri nəinki öz dövrlərində, hətta əsrlər boyu Avropa və dünya elminin və incəsənətinin inkişafına təsir göstərməkdə davam edirlər.Üç ay öncədən bilet al
Şəhərin öz füsunkarlığı və əzəməti ilə heyran edən intibah dövrünün məşhur tarixi abidələri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Duomo kimi tanınan Santa Maria del Fiore Katedrali, Florensiya hökmdarlarının iqamətgahı olan Palazzo Pitti Ponte sarayı, Palazzo Vecchio, Neptun Fəvvarəsi, Signoria meydanı, hətta deyilənə görə Hitlerin belə dağıtmağa qıymadığı Arno çayı üzərindəki Ponte Vecchio körpüsü və s. abidələr bu siyahıda yer alıb. Antik dövrdən son intibah dövrünə qədərki dövrü əhatə edən – gözəl xiyabanları, fəvvarələri, bağları və heykəlləri ilə füsunkar bir park olan Boboli bağlarını gəzməyə hər turist can atır.
Florensiya dünyaca məşhur muzeylərin vətənidir. Bir çox insan buraya yalnız Karavaccio, Rafael, Tisian, Botticelli, Leonardo, Signorelli, Perugino, Dürer, Cimabue, Duccio və Giotto və digər dünya şöhrətli rəssamların əsərlərini nümayiş etdirən Uffizi qalereyasını ziyarət etmək üçün gəlirlər. Mikelancelonun “David”inin orijinalının saxlandığı Gözəl Sənətlər Akademiyasını ziyarət üçün saatlarla növbəyə düzülən turistlərin sırasında mən də növbəmi gözləyirəm…Dante Aliqyerinin şəhərin ən tarixi hissəsində yerləşən ev muzeyini ziyarət etməklə “İlahi komediya”nın antik ədəbiyyatda yaratdığı intibahı daha yaxşı anlayıram. Dante öz əsərində Florensiya danışıq dilinin gözəlliyini və ləzzətini ortaya qoymaqla yerli ləhcənin sonda italyan ədəbi dilinin əsasına çevrilməsinə nail olub. Bu intibaha Ciovanni Bokkaççonun “Dekameron” əsəri ayrıca töhfə verib.
Bu fikir nəhənglərinin təqdim etdiyi əsərlərin sərgiləndiyi muzeylərə giriş qiymətləri 20-45 avro arasında dəyişir. Hər bir muzey uzun-uzadı növbələrdə dayanmamaq üçün üç ay öncədən turistlərə onlayn bilet satışı da təklif edir. “Bu yerlərdə çoxlu filmlər çəkilib
”Florensiyaya gələn turistlər Toskana vilayətinin tarixi ilə bərabər təbiəti və kənd həyatı, üzümçülük, zeytunçuluq təsərrüfatları ilə tanışlıq fürsətini qaçırmırlar. Şəhər kənarlarına turlar təşkil edən turizm şirkətlərinə hər küçədə rast gəlinir. 64-99 avro arası qiymətlər təklif edən şirkətlər turistləri gündəlik turlarla şəhər kənarına və yaxın şəhərlərə səyahətə daşıyırlar.
Siena-Pisa-San Gimignano turu – vadi ərazisinə səyahət həqiqətən Toskananın bütün füsunkarlığını görməyimə fürsət oldu. Florensiyadan ayrılaraq yol boyu tanış olduğum əyilmiş qülləsi (Torre pendente di Pisa) ilə məşhur olan Piza, şərab şəhəri və at yarışları ilə tanınan orta əsr Siena, qədim qala və kilsələri, səmaya uzanan 14 qülləsi ilə diqqət çəkən tarixi San-Gimignano şəhərləri nağıl təsiri bağışlayır. Qış olsa da yaşıllığını saxlayan yollar isə bir başqa aləmdir. Bələdçimiz Barbara üzüm və zeytun bağları ilə örtülmüş təpələri, onların arasında səpələnmiş qədim şəhərləri, hər biri digərindən daha gözəl olan ormanları göstərərək “bu yerlərdə çoxlu filmlər çəkilib” dedi: “İncəsənət həvəskarları, qurmanlar və adi turistlər planetimizin ən gözəl guşələrindən birini görmək həvəsi ilə Toskanaya gəlirlər”. Başağrısına çevrilən miqrantlar
Florensiya qədimdən sənaye şəhəridir. Xüsusən dəri və qızıl məmulatların istehsal ilə tanınır. Dəri çantaların və ayaqqabıların qiymətləri dükanlara görə dəyişir. Şəhərin mərkəzi hissələrində göz qamaşdıran qızıl və zinət mağazaları sıralanıb.
Bu gün Florensiya həm də miqrantların şəhəridir. Hər tində rastlaşdığın, vağzallarda, şəhərin küçələrində gecələyən miqrantlar yerlilərdən çox turistlərə təlaş yaşadırlar: hər addımda oğurluq baş verir. Bu kimi hallar təkcə İtaliya polisi üçün deyil, ümumilikdə dövlət üçün başağrısına çevrilib. Hotel işçiləri də, tur bələdçiləri də küçəyə çıxarkən mütləq “əl və bel çantanızdan ehtiyatlı olun” xəbərdarlığını edirlər.