“İşğaldan azad edilmiş Qarabağ bölgəsi vaxtilə Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik olub”.
Bunu “QİA.AZ”a açıqlamasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
“İşğalın davam etdiyi 28 il ərzində həm sosial-iqtisadi, həm də ekoloji baxımından çox ciddi ziyanlar müşahidə edilib. Belə ki, Qarabağda 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi tamamilə dağıdılıb, həmçinin bölgənin zəngin təbii ehtiyatları səmərəsiz formada istismar edilib. Hazırda nazirlik Qarabağın bərpası üzrə xüsusi konsepsiya hazırlayır. Sənəddə işğaldan azad edilmiş ərazilərin mərhələli şəkildə, ixtisaslaşma aparmaqla və vahid yanaşma tətbiq etməklə bərpası öz əksini tapacaq. Kənd təsərrüfatı və sənayenin inkişafına imkan verən aqrar-sənaye komplekslərinin yaradılmasına, turizm obyektlərinin inşasına, təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsinə başlanılacaq”, – o qeyd edib.
H.Hüseynovun sözlərinə görə, Qarabağla bağlı təmsil etdiyi və digər qurumlar qiymətləndirmə işlərini davam etdirirlər: “Bu qiymətləndirmədə yerli metodologiyadan istifadə edilir. Növbəti mərhələdə beynəlxalq təşkilatların prosesə cəlb edilməsi nəzərdə tutulur. Regionda aparılacaq ixtisaslaşma prosesində təbii olaraq ənənəvi iqtisadi sahələr nəzərə alınacaq, eyni zamanda infrastruktur quruculuğuna start verilib, dəmir və avtomobil yollarının, nəqliyyat qovşaqlarının bərpası nəzərdə tutulur”.