“İrəli” İB Milli Qurtuluş Gününə həsr olunan tədbirlər həyata keçirib

İrəli” İctimai Birliyi (İB) tərəfindən gənclərin maarifləndirilməsi və hərtərəfli inkişafı sahəsində tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq təşkilat tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

Bu barədə “QİA.az”a Birlikdən məlumat verilib.

Dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü mühüm başlanğıcların əsasını qoyub. Belə ki, “İrəli” İB bu günün mahiyyətini gənclərə daha yaxşı çatdırmaq üçün “Qurtuluş yolu” adlı hibrid seminar keçirib.
İyunun 14-də “İrəli” İB nəzdində fəaliyyət göstərən “Tarix Mərkəzi” tərəfindən təşkil olunan hibrid görüşdə gənclərin qonağı olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, millət vəkili, professor Musa Qasımlı Milli Qurtuluş Gününün tarixi-siyasi əsasları ətrafında olduqca əhatəli çıxış edərək XX əsrin 90-cı illərində sovet imperiyasının dağılması fonunda ölkədə yaranan gərgin ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda mübarizə, ərazilərimizə erməni müdaxiləsi, hakimiyyət başında olanların səriştəsizliyi ucbatından cəmiyyət həyatının və dövlətçiliyin bütün sahələrində yaranan siyasi-iqtisadi və mənəvi-psixoloji böhran kollapsından söz açıb. M.Qasımlı qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycan xalqı öz müdrik oğluna üz tutdu və xalqının təkidli çağırışlarını, vətəninin dar gününü görən Ümummilli Lider həlledici məqamda yenidən siyasi idarəçiliyə qayıdaraq Azərbaycana yeni nəfəs verdi.
Həm canlı auditoriya ilə, həm də “Zoom” tətbiqi vasitəsi ilə onlayn formatda reallaşdırılan hibrid görüşdən ümumilikdə 50-dən çox gənc yararlanıb.
Birlik tərəfindən həyata keçirilən tədbirlər planı çərçivəsində iyunun 14-də gənclərin Bakıda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası da təşkil edilib. Ekskursiya çərçivəsində iştirakçılar Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.
Eyni zamanda “İrəli” İB nəzdində fəaliyyət göstərən İntellektual Mərkəzin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Əbədiyyət” intellektual turniri həyata keçirilib. 15 iyun tarixində oflayn formatda baş tutan quiz turnirində 10 fərqli mövzuda oyunçular birincilik uğrunda mübarizə aparıb.
15 iyun tarixində “İrəli” İB-nin kollektivi və təşkilat üzvləri xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilən Ulu Öndərin məzarını da ziyarət edərək dahi şəxsiyyətin xatirəsinə öz ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, 14 iyun tarixində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar ölkəmizdəki gənclər təşkilatlarının sədrləri ilə görüşüb və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı gənclər sahəsində apardığı səmərəli fəaliyyətlərinə görə Milli Məclis sədrinin müavini tərəfindən Gənclər və idman komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

Oxşar Xəbərlər