İrəvan: tarixi məlumat

İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir.

Erməni tarixçiləri 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni (İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaş­mamışdır. Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olmuşdur. Orta əsrlərdə artıq şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından sonra İrəvan şəhərinin ərazisi genişlənərək Erebuni qalasının yerləşdiyi Qanlı təpəni öz içərisinə almışdır. Urartululara aid mixi yazılardan aydın olur ki, e. ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır.

İrəvanın Urartu çarı I Argişti tərəfindən e. ə. 782-ci ildə əsası qoyulan Erebuni (İrpuni) şəhəri ilə eyniləşdirilməsi tarixin saxtalaşdırılmasının bariz nümunəsidir. Akademik Boris Piotrovskinin milliyyətcə erməni olan arvadının xatirinə irəli sürdüyü “Ola bilər ki, Urartu şəhəri Erebuninin adı Ermənistanın paytaxtı Yerevan (İrəvan) şəhərinin adında yaşamaqda davam edir” fərziyyəsi ermənilərə imkan verdi ki, 1968-ci ildə Yerevanın 2750 illik yubileyini təntənəli surətdə qeyd etsinlər. Bununla da ermənilər dünyaya car çəkdilər ki, İrəvan şəhəri hətta qədim Romadan 30 yaş “böyük” imiş. İrəvanın adının “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir. Sən demə, dünyanı su basarkən Nuh peyğmbərin düzəltdirdiyi gəmi Ararat dağının zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə “Yereval” (yəni ermənicə “Göründü”) olmuşdur. Həmin görünən yer isə guya indiki İrəvan şəhəri imiş.

Böyük erməni yazıçısı Xaçatur Abovyan “İrəvan şəhərinin qısa tarixi oçerki” məqaləsində yazır: “Erməni yazıçıları XIII əsrin əvvəllərinədək, İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən (milada görə) oranı “kiçik yer” adlandırırlar. Xalq arasında gəzən əfsanəyə görə, guya İrəvan adı erməni çarı Ervandın adından və yaxud yerevil, yerevan, yəni gördü, göründü sözlərindən əmələ gəlib və guya Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin yerləşdiyi ərazidə görərkən onu belə adlandırmışdır. Bu, tamamilə uydurmadır. Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə farslar (yəni Qaraqoyunlu əmirləri) buranı zəbt etdikdən sonra məşhurlaşmışdır. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt olunmuş, aramsız olaraq bir xalqın əlindən digər xalqın əlinə keçirdi… Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan idarə etmiş­dir…”

İrəvan əyaləti 658-ci ildə ərəb qoşunları tərəfindən işğal edilmişdir. Xilafət dövründə Cənubi Qafqaz əmirliklərinin idarəçiliyi bir qayda olaraq türklərə həvalə edilmişdir.

Məşhur türk səyyah-coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur. Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin baş­çısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur.

Bəzi tədqiqatçılar İrəvan şəhərinin və qalasının salınmasının tarixçəsi ilə bağlı Övliya Çələbinin yazdıqları ilə razılaşır, bəziləri isə şəhərin tarixinin daha qədim olması haqqında yazan digər müəllifləri haqlı hesab edirlər. Fakt odur ki, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırmışdır.

Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən ələ keçmişdir. Hər dəfə də müəyyən dağıntılara məruz qalmış, sonradan yenidən bərpa edilmişdir. 1554-cü ildə Osmanlı qoşunları İrəvanı darmadağın edərək ələ keçirmişdir. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa paşa yenidən İrəvanı işğal etmişdir. Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən 1582-1583-cü illərdə inşa edilmişdir. Uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə edirdi. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı.

1604-cü ildə I Şah Abbasın qoşunu İrəvan şəhərini türklərin əlindən alsa da, əks hücum nəticəsində geri çəkilərkən “yandırılmış torpaq” siyasəti yeritmiş, Çuxur-Səəd bəylərbəyliyinin bütün əhalisini, o cümlədən İrəvanın əhalisini Arazın o tayına köçürmüşdür. 1635-ci ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirir. 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında bağlanan Qəsri-Şirin müqaviləsinə əsasən İrəvan əyaləti, o cümlədən İrəvan şəhəri yenidən Səfəvilərin hakimiyyəti altına keçir. Səfəvilərin süqutundan sonra şəhər 1723-cü ildə türklər tərəfindən işğal edilir. 1733-cü ildə Nadir İrəvanı Osmanlılardan azad edir. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranır. İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olur.

İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən məscidlər, karvansaralar, hamamlar, istirahət parkları inşa edilmişdi. Şəhərə Qırxbulaq yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar diyarına çevrilmişdi. 1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi. Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdi.

Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər. İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı yerləşirdi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. Cəfər bəy məscidi və hamamı, həmçinin Həsənəli hamamı və Susuz karvansarayı da burada yerləşirdi.

Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində sü­qut etdi. Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşləri açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş və çoxlu insan tələf olmuşdu. İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.

İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı. (Həmin qılınc hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılır. ) Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi.

İrəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya, Səlmas və Ərdəbil şəhərlərini də ələ keçirirlər. 1828-cil fevralın 10-da Təbriz-Tehran yolunun üzərindəki Türkmənçay kəndində imzalanan mü­qavilə ilə İrəvan xanlığının Rusiyaya ilhaq edilməsi rəsmiləşdirilir.

İrəvan rus işğalında

İrəvan xanlığının işğalından bir neçə gün sonra – 1827-ci il oktyabrın 6-da həmin ərazidə Paskeviçin əmri ilə yeni Rusiya üsul-idarəsi kimi, “İrəvan Müvəqqəti İdarəsi” yaradılır. Yerli qoşunların komandanı general Krasovski idarənin rəisi, qalanın müvəqqəti komendantı pod­polkovnik Bronevski və arxiyepiskop Nerses Aştarakesi isə idarənin üzvü təyin edilirlər. Müvəqqəti idarənin qarşısında ölkədə hakimiyyəti ələ almaq, qayda-qanun yaratmaq, ordunu daimi ərzaqla təchiz etmək, İrəvan, Sərdarabad və Abbasabad qalalarını müdafiə etmək, Gürcüstanla əlaqə yaratmaq, pambıqçılığı inkişaf etdirmək, duz istehsalını artırmaq, İrəvan xanının mülklərinin, sürülərinin, gəlirlərinin hesabatını aparmaq, onun bütün daşınar və daşınmaz əmlakını müsadirə etmək vəzifəsi qoyulmuşdu.

Krasovskinin Nersesə verdiyi qeyri-məhdud səlahiyyətlər sayəsində ermənilər istə­dik­lərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla əlaqədar Paskeviç baş qərargah rəisinə 2 aprel 1828-ci ildə göndərdiyi məktubunda yazırdı: “Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl qoymayıb, yenicə ələ keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörddə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayırmayacaq”. Yerli müsəlmanlara qarşı edilən ayrıseçkilik narazılığın artmasına səbəb olur, nəticədə onların bir qismini İran və Türkiyəyə köçüb getməyə vadar edirdi. Rusiyadan narazı müsəlman əhalinin sərhədin əks tərəfində cəmlənməsi Paskeviçi narahat edirdi. Ona görə də o, Nersesi İrəvan müvəqqəti idarəsindəki fəaliyyətindən uzaqlaş­dırmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krasovskini İrəvan mü­vəq­qəti idarəsinin rəisi vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl çək­məyən arxiyepiskop Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.

1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqıarı Rusiyaya birləşdirilıir. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilirdi: “İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra Erməni vila­yəti adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında alacaqdır. ”

Ermənilərin İrəvan xanlığının işğalındakı xidmətləri nəzərə alınaraq, yeni yaradılan inzibati-ərazi vahidi “Erməni vilayəti” adlandırılmışdı. Əslində isə bu ad ermənilərin İran və Türkiyə ərazisindən köçürülüb gətirilərək yeni işğal olunmuş ərazilərdə ermənilərdən ibarət xristian bufer zolağı yaratmağa xidmət edirdi. Rusiyanın hakim dairələri öz niyyətlərinə çatdıqdan sonra vilayətin adından “erməni” ifadəsi götürülmüşdü. İrəvan xanlığının işğalından dərhal sonra rus üsul-idarəsi tətbiq edilməmiş, bir müddət xanlıq dövründəki idarəçilik forması saxlanılmışdı.

Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı general-mayor Aleksandr Çavçavadze təyin edilmişdi. Vilayət idarəsinin üzvləri iki rus hərbçisindən və azərbaycanlıların və ermənilərin təmsilçilərindən ibarət idi. (Çavçavadzenin qızı Nina rus dramaturqu və diplomatı, 1829-cu ilin fevralında Tehranda səfir olarkən qətlə yetirilən Aleksandr Qriboyedovun arvadı idi).

13 fevral 1830-cu ildə vilayətin rəisi vəzifəsinə Tiflis ermənisi general-mayor Vasili Bebutov (Behbudov) təyin edilir. Erməni tarixçisi Z. Qriqoryan ermənilərin vilayətin idarəçiliyində iştirakına qadağa qoyulmasını təsdiq edərək yazır ki, V. Bebutovun vilayət rəisi olduğu dövrdə ruslaşdırma siyasəti daha da gücləndirilmiş, nəinki administrasiya mərkəzində, hətta mahallarda belə bütün hərbi və mülki vəzifələrə rus məmurları təyin edilmişdi.

23 iyun 1833-cü ildə çar I Nikolay “Erməni vilayəti”nin yeni adminstrativ quruluşunu təsdiq edir. İrəvan qəzası 4 dairəyə – İrəvan, Şərur, Sürməli və Sərdarabad dairələrinə bölünür.

1840-cı il aprelin 10-da Cənubi Qafqazın yeni inzibati quruluşu haqqında qanun qəbul edilir. Yeni qanunla “Erməni vilayəti” buraxılır. İrəvan qəzası yeni yaradılan Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. Pəmbək-Şörəyel distansiyası isə Aleksandropol qəzasının tərkibinə daxil edilir. 1844-cü ildə Qafqaz canişinliyi yaradılır. 14 dekabr 1846-cı il qanunu ilə Qafqazın yeni inzibati bölgüsü təsdiq edilir. İrəvan və Aleksandropol qəzaları yeni yaradılan Tiflis quberniyasının tərkibinə daxil edilir. Senatın 9 iyun 1849-cu il fərmanı ilə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir.

1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası, 1875-ci ildə isə Sürməli qəzası yaradılır. 1918-ci ilə qədər İrəvan quberniyanın tərkibinə 7 qəza – İrəvan, Aleksandropol, Naxçıvan, Novo-Bəyazid, Sürməli, Şərur-Dərələyəz və Eçmiədzin qəzaları daxil idi.

Rusiya işğalı dövründə İrəvan və Gümrü (Aleksandropol) şəhərlərinin, habelə İrəvan quber­niyasının gerbləri təsdiq edilmişdir. İrəvan şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olun­muşdu. Gerbin təsviri belə idi: Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı (Ararat) dağı təsvir olunmuşdu. Gerbin ikinci qızılı sahəsində mavi dalğalı kəmər Qara dənizi simvolizə edirdi. Bu sahələrin ortasında gümüşü fonda əlində nizə tutan süvari təsvir olunmuşdu. Gerbin aşağı hissəsinin sahəsi Gürcü-İmereti quberniyasının gerbinin təsvirindən götürülmüşdü.

İrəvan quberniyasını idarə edənlər arasında nəinki erməni qubernator, heç vitse-qubernator belə olmamışdr. Çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində mövcud türkmənşəli toponimlər olduğu kimi saxlanılırdı. Yalnız İrəvan Erivanla (1828) , Gümrü Aleksandropolla , Kəvər isə Novo-Bayazetlə (1850) əvəz edilmişdi. Rusiya işğalı dövründə çap edilən inzibati-ərazi və topoqrafik xəritələrdə qeyd olunan toponimlər həmin ərazinin tarixən Azərbaycan türklərinə məxsusluğunu əyani şəkildə göstərir.

1853-cü ildə baş verən zəlzələ nəticəsində İrəvan qalasının divarları yenidən uçmuşdur. 1864-cü ildə İrəvan qalasından hərbi məqsədlər üçün istifadəyə son qoyulmuşdur. 1868-ci ildən Xan sarayının Sərdar zalında İrəvan şəhər polis idarəsi yerləşirdi. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz canişinliyi Sərdar zalının (Güzgülü salon) təmiri üçün 1867, 1871, 1874, 1880-ci illərdə vəsait ayırmışdı.

1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdir. İrəvan şəhərinin texniki B. Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi planda şəhərdə 8 məscidin (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, Hacı Cəfər) mövcudluğu göstərilir. Həmin dövrdə İrəvan şəhərində azərbaycanca səslənən küçə adları belə idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.

İrəvanda çoxsaylı karvansaralar da mövcud olmuşdur: Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və s. Azərbaycanlılara məxsus bu karvansaraların hamısı yer üzündən silinmişdir.

XX əsrin əvəllərinədək İrəvanın küçələri qaz və kerosin fənərləri ilə işıqlandırılırdı. 1907-ci ildə İrəvanın varlı sakini Hacı İbrahim oğlu Zəngi çayı üzərində su elektrik stansiyası tikilməsi təşəbbüsü ilə çıxış etmişdi. 1909-cu ildə şəhərin daha bir varlı azərbaycanlısı – mühəndis Xəlil bəy Qasımbəyov həmkarı Arşak Malxasyanla birgə qurduqları “Kooperasiya” şirkətinin adından su elektrik stansiyasının tikilməsi üçün şəhər idarəsinə müraciət etmişdilər. 1911-ci ildə İrəvandan təqribən 19 km məsafədən Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkil­mişdi. Bu kəmərin çəkilməsində Abbasqulu xanın İrəvanskinin müstəsna rolu olmuşdu.

1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir. Lakin 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı soyqırım, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilmişdir. Məscidlərə od vurulmuş, azərbaycanlıların evləri talan və zəbt edilmişdi.

Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası və deportasiyası rəsmi Ermənistanın siyasətinin tərkib hissəsi olmuşdur. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. Göy məsciddə İrəvan şəhər Tarix Muzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi Rəssamlar İttifaqının sərgi salonuna çevrilmiş, yeganə olaraq Dəmirbulaq məscidindən başqa qalan bütün məscidlər yerlə yeksan edilmişdi. Dəmirbulaq məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı. Sərdar sarayı, İrəvan qalasının divarları sökülərək daşlarından Sahil bulvarının salınmasında istifadə edilmişdi. Köhnə şəhər massivində azərbaycanlılar yaşayan məhəllələr sökülərək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.

İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə öyünüldüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən artıq deyil. Çünki İrəvanda mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin hamısı azərbaycanlılara məxsus olduğuna görə, ermənilər onların hamısını yer üzündən silmişlər. İrəvan şəhərinin adı isə indiyədək iki dəfə dəyişdirilmişdir. Birinci dəfə rusların işğalından sonra 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 1936-cı ildə dəyişdirilərək Yerevan (Ереван) adlandırılmışdır. Acı reallıq odur ki, vaxtilə aborigen əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan, hazırda monoetnik erməni şəhərinə çevrilmişdir.

Ərazisi

XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında yaranan İrəvan xanlığı Azərbaycanın Ağrı (Ararat) dağı ilə Alagöz (Ələyəz) dağı arasında qalan və Araz çayının hər iki sahilində yerləşən ərazini əhatə etmişdir. İrəvan xanlığı şimaldan Pəmbək əyaləti, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy və Maku xanlıqları və Bayazid paşalığı ilə, qərbdən Qars paşalığı və şimali-qərbdən Şörəyel sultanlığı ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi təqribən 23,8 min kv. km olmuşdur.

Təs­vir olunan ərazi XV əsrin əvvəllərindən başlamış, İrəvan xanlığının yaranmasınadək olan dövr­də Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olun­muş­dur. Yerləşdiyi coğrafi mövqeyinə görə Çuxur Səəd – yəni Səədin Çuxuru adlandırılmışdır. Bəzi mənbələrdə həm də İrəvan ölkəsi adlanan Çuxur-Səəd hakimi Əmir Səədin vəfatından sonra 1413-cü ildə onun oğlu Pir Hüseyn tərəfindən inşa olunan ailə məq­bə­rəsi hazırda İrəvan şəhəri yaxınlığındakı Cəfərabad (1946-cı ildən Arqavand adlandırıblar) kəndi­nin ərazisindədir və həmin abidəni indi ermənilər “Türkmən abidəsi” kimi təqdim etməyə çalışırlar.

1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından 4 bəylərbəyliyə bölünmüşdü və Çuxur-Səəd bəylərbəyliyi onlardan biri idi. Bəylərbəyliyin mərkəzi İrəvan şəhəri idi və o, İrəvan bəylərbəyliyi kimi də tanınırdı. Çuxur-Səəd bəylərbəyliyi müəyyən vaxtlarda Osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır. 1728-ci ildə osmanlılar tərəfindən tərtib edilən “İrəvan əyalətinin icmal dəftəri”nə görə əyalət ərazi-inzibati bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göycə, Dərələyəz, Məzrəə, Sürməli, İğdır, Aralıq, Şərur nahiyələri, Şörəyel (Şürəgəl) və Naxçıvan sancaqları.

Nadir şahın hakimiyyəti dövründə (1736-cı ildən) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Afşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə öz növbəsində kəndlərə bölünürdü.

İrəvan şəhəri ayrıca inzibati-ərazi vahidi kimi götürülürdü. Xanlığın mərkəzi kimi, İrəvan şəhərin­də xeyli abadlıq və quruculuq işləri həyata keçirilmiş, memarlıq inciləri sayılan neçə-neçə məs­cidlər, karvansaralar, hamamlar inşa edilmişdi. İrəvan qalasının özü qala-şəhər kimi möhtəşəm memarlıq kompleksi idi.

1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığını özündən asılı vəziyyətə salmışdı. Qacar, eyni zamanda Şörəyel və Pəmbək ərazilərini xüsusi fərmanla İrəvan xanı Məhəmməd xanın tabeçiliyinə vermişdi.

Mahalların coğrafi mövqeyi və inzibati vahidləri, müharibələr nəticəsində dağıdılmış kəndlər haqqında 1829-1832-ci illərdə keçmiş İrəvan xanlığı ərazisində kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopen ətraflı məlumat vermişdir.

İrəvan xanlığının Rusiya qoşunları tərəfindən 1827-ci ildə işğalı ərəfəsində xanlığın inzibati-ərazi bölgüsü 15 mahaldan və xanlıqdan yarıasılı Şörəyel sultanlığından ibarət olmuşdur. Mahalların adları belə idi:

1. Qırxbulaq
2. Zəngibasar
3. Gərnibasar
4. Vedibasar
5. Körpübasar
6. Sərdarabad
7. Talın
8. Səədli
9. Abaran
10. Seyidli-Ağsaqqallı
11. Dərəçiçək
12. Göycə
13. Şərur
14. Dərəkənd-Parçenis
15. Sürməli

Mahallardan yalnız ikisi – Dərəkənd-Parçenis və Sürməli mahalları Araz çayının sağ sahilində yerləşirdi.
Mahalların təşkili zamanı suvarma sistemlərinin mövcudluğu, kəndlərin çay hövzələrinə yaxınlığı əsas meyar kimi götürülürdü. Məsələn, Zəngibasar mahalına Zəngi çayının suyundan istifadə edən kəndlər daxil edilmişdi.

İrəvanı kimlər idarə etmişlər:

Çuxursəəd bəylərbəyləri:

Əmir Səəd (XIV əsrin sonlarından 1410-cu ilə qədər)

Pir Hüseyn (1410-1413)

Pir Yaqub (Pir Hüseyn oğlu) (1420-ci illər)

Əbdül (Pir Hüseyn oğlu) (1440-cı illər)

Yaqub bəy (1440-cı illər)

Həsənəli Qaraqoyunlu (1460-cı illər)

Div Sultan Rumlu (1515-dən)

Hüseyn xan Sultan Rumlu (1550-ci ildən)

Şahqulu Sultan Ustaclı (1550-1575)

Məhəmməd xan Toxmaq Ustaclı (1576-1583)

Lələ paşa (1577)

Xıdır paşa (1583)

Məhəmməd Şərif paşa (1604-cü ilədək)

Əmirgünə xan Qacar (1604/5-1625)

Təhmasibqulu xan Qacar (1625-1635)

Fərhad paşa (1635)

Kalbalı xan (1636-1639)

Çağata Kötük Məhəmməd xan (1639/40-1648)

Xosrov xan (1648-1652/53)

Məhəmmədqulu xan Lələ bəy (1652/53-1659/60)

Nəcəfqulu xan (1659/60-1663)

Abbasqulu xan Qacar (Əmirgünə xan Qacarın oğlu) (1663-1666)

Səfi xan (Alxas Mirzə)*** (1666/67-1674)

Sarıxan bəy (1674-1675)

Səfiqulu xan (1675-1679)

Zal xan (1679-1688)

Murtuzaqulu xan (1688-1691)

Məhəmmədqulu xan (1691-1694)

Zöhrab xan (1694-1699)

Fərzəli (Fətəli) xan Qacar (1699-1705)

Əbdül Məhəmməd xan (1705-1709)

Mehrəli xan (1709-1719)

Allahqulu xan (1719-1725)

Rəcəb paşa (1725-1728)

İbrahim paşa və Mustafa paşa (1728-1734)

Əli paşa dəftərdar (1734)

Hacı Hüseyn paşa (1734)

Məhəmmədqulu xan (1735)

Pir Məhəmməd xan (1736)

İrəvan xanları:

Mehdi xan Qasımlı (Əfşar) (1747-1748)

Məhəmməd Hüseyn xan Gəraylı (1748-1751)

Xəlil xan Özbək (1751-1755)

Həsənəli xan Qacar (1755-1759)

Hüseynəli xan Qacar (Həsənəli xan Qacarın qardaşı) (1759/60-1783, noyabr)

Qulaməli xan Qacar (Hüseynəli xan Qacarın oğlu) (1783-1784, yay )

Məhəmməd Hüseyn xan Qacar (Hüseynəli xan Qacarın oğlu) (1784-1797, iyun)

Əliqulu xan Qacar (Ağa Məhəmməd şah Qacarın qardaşı) (1797, iyun)

Həsən xan Makulu (1797, yay)

Mehdiqulu xan Qacar (1805, yay — 1806, avqust)

Əhməd xan Marağalı (1806, avqust-oktyabr)

Hüseynqulu xan Qacar (Qoyunlu) (1806, dekabr-1827, oktyabr)

Qubernatorlar:

Nazorov İvan İvanoviç
General-mayor
1849-1859
Astafyev Mixail İvanoviç
General-mayor
1860-1866
Roslavlev Mixail İvanoviç
General-mayor
1867-1880
Şalikov Mixail Yakovleviç
General-leytenant
1880 – 1890
Freze Aleksandr Aleksandroviç
General-leytenant
1891- 1895
Tizenhauzen qraf Vladimir Fedoroviç
həqiqi mülki müşavir
1896-1916

Mənbə:

Nazim Mustafa İrəvan Şəhəri, Bakı – 2013

İrəvan Xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürül­məsi, Bakı 2010, (Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, t. e. d. prof. Yaqub Mahmudovun elmi redaktorluğu ilə)

Oxşar Xəbərlər