Şuşada “Qırmızı Kitab”a düşəcək bir neçə bitki növü var.
“QİA.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib.
O qeyd edib ki, 30 il müddətində işğaldan azad olunmuş ərazilərdə məhv olan bitki, göbələk və heyvan növlərinin sayı barədə məlumat çox az idi:
“Kitaba salınacaq həmin ərazilərdəki növlərlə bağlı monitorinqlərə başlanılacaq. Artıq Zəngilanda müəyyən marşrutlar üzrə ilkin radio-ekoloji monitorinqlər keçirilib. Botaniki tədqiqatlara cüzi də olsa, baxılıb. Su və torpaq nümunələri ilə bağlı ilkin işlər görülüb”.
İ.Hüseynova əlavə edib ki, kitabın III nəşri ilə bağlı redaksiya heyəti yaradılıb:
“Nəşrlə bağlı iş proqramı hazırlanıb. Proqramda əsas məqsəd nadir və itməkdə olan bitki, göbələk və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, tərtib olunan siyahıların bir də nəzərdən keçirilməsinin təmin edilməsidir. Artıq mühafizəyə ehtiyacı olmayan növlərin həmin siyahıdan çıxarılması və ehtiyac olan növlərin həmin siyahıya əlavə olunması, həmin növlərin populyasiyasının müəyyənləşdirilməsi, GPS məlumatların dəqiqləşdirilməsi və ətraf mühit faktorlarının təsirinin öyrənilməsi həyata keçiriləcək. Artıq ilkin siyahılar hazırdır. III nəşrə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur. Yeni nəşrdə göbələk növlərinin sayı da artacaq”.
Qeyd edək ki, “Qırmızı Kitab”ın III nəşrinin 2023-cü ildə dövlət başçısına təqdim olunması planlaşdırılır.