İrandan Azərbaycana 22 kiloqramdan artıq narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dən  verilən məlumata görə, son günlərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 22 kiloqram 496 qram narkotik vasitənin və 1090 ədəd psixotrop maddənin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.

Yanvar ayının 6-da saat 00:25 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Karxulu kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində döv­lət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınıb.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq qaçmağa çalışarkən saxlanılmışlar. Onların İran İslam Respublikasının vətəndaşları 1995-ci il təvəllüdlü Zeynallı Yasir Əziz və 1982-ci il təvəllüdlü Aşiqi Çapar İsmayıl olmaları müəyyənləşdirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd bağlamanın içində ümumi çəkisi 10 kiloqram 767 qram narkotik vasitə və 500 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götürülüb.

Yanvar ayının 9-da saat 21:40 radələrində DSX-nin Sərhəd Qoşun­larının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikası tərəfdən Astara çayının sahilinə yaxınlaşaraq 1 ədəd bağlamanı Azərbaycan Respublikası istiqamətində sahilə doğru ataraq uzaqlaşmaları sərhəd naryadı tərəfindən müşahidə olunub.

Ərazi dərhal qapadılaraq keçi­ril­miş axtarış təd­birləri nəticəsində 1 ədəd bağlamanın içərisində 1 kiloqram 590 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Yanvar ayının 17-də saat 23:35 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Onun Kürdəmir rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Azər Mübariz oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində 10 kiloqram 139 qram narkotik vasitəvə 590 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götü­rülüb.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş əmə­liyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonunun Arbatan kənd sakini 1990-cı il təvəllüdlü İsmayılov Ruhin Vilayət oğlu saxlanılaraq istintaqa cəlb edilmişdir. Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitə aludəçisi olmalarını bildirib­lər. ­

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

İrandan Azərbaycana 22 kiloqramdan artıq narkotik keçirilməsinin qarşısı alınıb (FOTO) - Gallery Image
İrandan Azərbaycana 22 kiloqramdan artıq narkotik keçirilməsinin qarşısı alınıb (FOTO) - Gallery Image
İrandan Azərbaycana 22 kiloqramdan artıq narkotik keçirilməsinin qarşısı alınıb (FOTO) - Gallery Image
İrandan Azərbaycana 22 kiloqramdan artıq narkotik keçirilməsinin qarşısı alınıb (FOTO) - Gallery Image

Oxşar Xəbərlər